Qərbin “Bayraktar” narahatlığının SƏBƏBİ 

Hazırda oxunan: Qərbin “Bayraktar” narahatlığının SƏBƏBİ 

44155

Texnologiyanın sürətli inkişafı silah sənayesindən də yan keçməyib. Xüsusilə də İkinci Dünya Müharibəsinin başa çatmasından sonra iki qütbə bölünən dünyada daha müasir və təsirli silahlara malik olmaq əks tərəf qarşısında xüsusi üstünlük göstəricisi kimi qəbul olunmağa başladı. 90-cı illərin əvvəllərində dünyada sosializm sisteminin süqutundan sonra da bu tendensiya öz aktuallığını qoruyub saxladı. Təsadüfi deyil ki, günümüzdə iqtisadi cəhətdən o qədər də güclü olmayan Pakistan, Şimali Koreya kimi ölkələr məhz nüvə silahına sahib olduğuna görə beynəlxalq münasibətlərin təsirli aktorları kimi qəbul olunurlar. 

Silah sənayesində son illərin yüksələn ulduzlarından biri isə, şübhəsiz ki, Türkiyədir.

Xüsusilə də, 2010-cu illərin əvvəllərinə qədər Türkiyə Silahlı Qüvvələrinin arsenalında digər NATO ölkələrindən idxal olunan silahlar əsas yer tutmaqda idi. Lakin sözügedən dövrdən başlayaraq, Yaxın Şərqdə qaynar nöqtələrin artması və təhlükənin Türkiyə sərhədlərinə dirənməsi, rəsmi Ankaraya öz silah sənayesini inkişaf etirməkdən başqa seçim imkanı qoymadı. 
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir ölkə “Bayraktar TB2” PUA-ları alır – MÜQAVİLƏ İMZALANDI


Bundan əlavə, rəsmi Ankaraya qarşı Qərbdə mütəmadi olaraq hiss olunan ikili standartlar da Türkiyənin hərbi sənayesinə diqqəti artırmasında önəmli rol oynadı. 

Günümüzdə isə, Türkiyə öz müasir hərbi sənayesinə görə dünyanın əsas silah istehsalçıları sırasına adını yazıdrmağı bacarıb. Xüsusilə də, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının adı təkcə region ölkələrində yox, bütün dünyada zikr edilməyə başlayıb. Bu cür məşhurluğun ən önəmli səbəblərindən biri də, təbii ki, 44 günlük müharibə ərzində “Bayraktar TB2” PUA-nın özünü ən yaxşı tərəfdən göstərərək, bütün dünyaya nələrə qadir olduğunu nümayiş etdirməsi oldu.
 

Doğrudur, yazının əvvəlində də qeyd etdiyimiz kimi, beynəlxalq münasibətlərdə hərbi gücü yüksək olan ölkələrin önəmli aktorlar kimi qəbul olunduğunu nəzərə alsaq, bu amil rəsmi Ankara üçün mühüm əhəmiyyət kəsb edir.


Lakin...

Bəzən bu cür inkişaf Türkiyənin əlehinə də istifadə olunan karta çevrilə bilir. Buna ən uğurlu örnək kimi isə, Ukrayna nümunəsini misal göstərə bilərik. Belə ki, Ukrayna ordusunun ölkənin şərqində - Donetskdə separatçıların nəzarətində olan bir kəndi azad etmək üçün həyata keçirilən əməliyyatlarda “Bayraktar TB2”-lərdən istifadə etməsi dünya gündəmində geniş müzakirə mövzularından birinə çevrildi. 

Məsələ ilə bağlı maraq doğuran məqam isə, türk PUA-larından istifadənin qondarma Donetsk Respublikasının və ya separatçılara aktiv dəstəyi heç kimə sirr olmayan Rusiyanın rəsmiləri tərəfindən yox, məhz Qərbin açıqlamalarında qabardılması idi. Belə ki, 2014-cü ildə Ukraynanın şərqində münaqişənin başlamasından bu yana, vaxtaşırı olaraq, rəsmi Kiyevin maraqlarının müdafiəsinə qalxan, Fransa və Almaniya kimi NATO ölkələri öz narazılıqları ilə diqqət çəkdi.

“G-20” samitti çərçivəsində rusiyalı həmkarı ilə görüşən Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu isə məsələ ilə bağlı verdiyi açıqlamasında, Ukraynanı “Türkiyə silahı” ilə bağlı müzakirələri qabartmaqda günahlandırıb. Bundan əlavə türkiyəli nazir, haqlı olaraq, hər bir ölkənin idxal etdiyi silahların artıq həmin dövlətə məxsus olduğunu da qeyd edib.

Təbii ki, Donbasda Türkiyə silahından istifadənin qabardılmasının müxtəlif səbəbləri var:

1. Ukrayna bu məsələni gündəmdə saxlamaqla Türkiyənin rəsmi Kiyevin yanında olduğunu nümayiş etdirməyə çalışır.

2. Türkiyənin Rusiya ilə münasibətlərində müşahidə olunan uğurlu tendensiyadan narahat olan Qərb, sözügedən mövzunu qabartmaqla, Moskva-Ankara əlaqələrinə zərbə vurmağı hədəfləyir.

Qərbin quru vədlərinin səmərəsiz olduğunu dərk edən rəsmi Kiyevin, onun ərazi bütövlüyünü dəstəkləyən Türkiyəni ön plana çıxarmaq cəhdləri başa düşüləndir. Lakin Qərbin Ukraynanın maraqlarına ziddinə gedərək, “Bayraktar”dan istifadəni qabartması birbaşa olaraq, ikili standartlardan xəbər verir.
 

Buna baxmayaraq, istər Mevlut Çavuşoğlunun açıqlaması, istərsə də, Türkiyə və Rusiya liderlərinin “3+3” formatı ilə bağlı uğurlu müzakirələri Qərbin ikili standartlarının nəticəsiz qaldığını əyani şəkildə nümayiş etdirdi.


Qərbin bundan sonra da Türkiyəyə qarşı əsassız bəhanələrlə əks mövqe ortaya qoyub-qoymayacağını isə zaman göstərəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin