2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Bizim.Media Vətən müharibəsinin oktyabrın 31-nə aid olan xronikasını təqdim edir.
Oktyabrın 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Oktyabrın 31-də saat 06.00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib.
Düşmən işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.
Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Əskipara kəndi, eləcə də Ağcabədi rayonunun Qiyaməddinli kəndi düşmən tərəfindən artilleriya atəşinə tutulub.
Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.
Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 ədəd tankı, 1 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.
Oktyabrın 31-də günorta saatlarında düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb.
Bizim.Media