Partiya sədrləri paytaxtın Ağdama köçürülməsi təklifinə ETİRAZ etdilər - ÖZƏL

Hazırda oxunan: Partiya sədrləri paytaxtın Ağdama köçürülməsi təklifinə ETİRAZ etdilər - ÖZƏL

43643

Azərbaycan paytaxtının digər şəhərə köçürülməsi vaxtaşırı gündəmə gətirilib. Lakin son günlər gündəmi bürüyən informasiyalarda paytaxtın Bakıdan Ağdama köçürülməsi yer alıb. Məsələ ilə bağlı fikir müxtəlifliyi mövcuddur.

Bu səbəbdən də müxtəlif partiya sədrlərindən münasibət aldıq. 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu paytaxt dəyişdirilməsi mövzusunda beynəlxalq təcrübənin olduğunu deyərək İstanbul-Ankara, Sankt Peterburq-Moskva nümunələrini örnək gətirdi. 

Bizim.Media-ya açıqlamasında Sərdar Cəlaloğlu bildirdi ki, amma Azərbaycan paytaxtı olduqca əlverişli yerdədir:

“Bakının Xəzər sahilində olması böyük bir avontajdır. Böyük şəhərlər adətən çayların, göllərin, dəniz və okean sahillərində olur. Ağdam bu baxımdan Bakı ilə rəqabət imkanına malik deyil. Düzdür, Bakı ölkənin bir tərəfindədir (şərqində). Adətən strateji olaraq belə məqamlar da nəzərə alınır ki, paytaxt mərkəzdə olsun. Amma mərkəzdə də paytaxt salmaq üçün dediyim təbii şərtlər olmalıdır. Ağdamda belə bir şərtlər yoxdur və bu, paytaxtların yerləşdirilməsi ənənəsinə uyğun deyil”. 

Müsavat Partiyasının lideri Arif Hacılı isə zaman-zaman belə təkliflərin səsləndiyini qeyd etdi.

Arif Hacılı müxtəlif vaxtlarda Azərbaycan üçün yeni paytaxtın hətta Yevlax və İsmayıllıda tikilməsi barədə təkliflərin olduğunu xatırlatdı.

Siyahıda Gəncə də olub:
 

“Amma mənə elə gəlir ki, əsas sənaye, elm-təhsil mərkəzi olduğu üçün, əhalinin də böyük hissəsinin Abşeron yarımadasında yaşadığına görə, yəqin ki, Bakı şəhəri paytaxt olaraq qalacaq”.


Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev paytaxtın Ağdama köçürülməsi kimi fikirlərin yayılmasını populizm və məntiqsiz adlandırdı. Deputatın fikrincə, hazırda Qarabağın tikilməsi və insanların ora köçürülməsi üçün minimal xərc 50 milyard hesablanır:
 

“Belə bir vəziyyətdə paytaxtın da köçürülməsi böyük xərclər tələb edən bir işdir. Ona görə də hazırkı fokusumuz Qarabağın bərpası olmalıdır. Paytaxtın da Ağdama köçürülməsi ümumiyyətlə absurd bir yanaşmadır. Bunu avantüra sayıram.


Paytaxtın köçürülməsi 10 milyardlarla vəsait tələb edən bir işdir. İndi Azərbaycanın belə vəsaiti də yoxdur. Paytaxtın köçürülməsindən vacib işlərimiz var ki, gərək onları həyata keçirək. Sadəcə olaraq Bakının yükünün azaldılması məsələsi həmişə gündəmə gəlib.

Bu istiqamətdə isə paytaxtdan bir neçə ali məktəbin köçürülməsi başlaya bilər. Bildiyimə görə, Ağdamda Qarabağ Universiteti olacaq.
 

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə də universitetlər, yaxud filiallar yaradıla bilər. Bakıdan da hər il bir ali məktəbin Azərbaycanın başqa regionuna köçürülməsi olar ki, bu da Bakının yükünün azaldılması ilə nəticələnsin. 


Amma Bakının işğaldan azad olıunan zonalara paytaxt kimi köçürülməsi məntiqsiz bir yanaşmadır. Hazırda ora müharibə zonasıdır. Sülh sazişi bağlanmayıb. Həm də ki, paytaxt üçün o zona məqbul yer sayıla bilməz və s. Ona görə də bu mümkün deyil”.

Məlumat üçün bildirək ki, Arif Hacılı əslən Zaqatala, Sərdar Cəlaloğlu Naxçıvan, Razi Nurullayev isə İmişlidəndir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin