Qarabağ Azərbaycandır! Bəs Dağlıq Qarabağ? - Eksklüziv

Hazırda oxunan: Qarabağ Azərbaycandır! Bəs Dağlıq Qarabağ? - Eksklüziv

4294

Qarabağ Azərbaycandır, bəs Dağlıq Qarabağ, bəs Xocalı, Xocavənd, Ağdərə, Xankəndi

Bizim.Media olaraq Ondan başlayaq ki, Ali Baş Komandan qətiyyətli siyasəti ilə Kiçik Qafqazın böyük dərdini, çözülməz problemini həll etdi. Lakin bəzi suallara cavab axtarılır. Nümunə üçün, prezident İlham Əliyev xalqa son müraciətinin axırında bildirdi ki, “mən artıq bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram. Əminəm, bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi deyəcəyəm.

Amma bu dövrlə bağlı müraciətlərimi yenə də bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” 

Bəli, zəfər günümüz var və bu tarixə ürəkdən sevinə bilən xalqa çevrildik. Di gəl ki, sadalanan coğrafi ərazilər arasında Ağdərə, Xocavənd, Xocalı və Xankəndini çox göz axtarır. Ölkə başçısının sonda “Qarabağ Azərbaycandır” mesajı bu nigaran nəzərlərə təskinlik verir. Amma razılaşaq ki, suallar yenə də qalmaqdadır.

Bir tərəfdən də ötən əsrin 90-cı illərində Qarabağımızı işğal edib, bizə dağ çəkənlər indi də Dağlıq Qarabağla göz dağı vermək istəyir. Mövcud situasiya ilə bağlı yerli və əcnəbi ekspertlərin fikrini öyrənməyə çalışdıq. Suallardan birinə cavab verən politoloq Ceyhun Əhmədli dedi ki, Dağlıq Qarabağda xüsusi bir subyektin yaradılması 10 noyabr bəyanatından sonra suya düşdü, yəni ermənilərin “Artsax” xəyalları puç oldu: 

“Dağlıq Qarabağdakı rayonlar Azərbaycanın digər rayonları ilə eyni status sahibdir, yəni Xocalı, Xocavənd və Xankəndinin Azərbaycanın digər rayon və şəhərlərindən heç bir fərqi yoxdur. Yəni bura heç bir statusun verilməsi nəzərdə tutulmayıb. Bəyənatda hətta gələcəkdə ərazinin xüsusi statusu ilə bağlı heç nə qeyd olunmayıb”.

Rusiyalı politoloq, tarixçi və Qafqazşünas Oleq Kuznetsov saytımıza müsahibəsində bildirdi ki, 5 il ərzində Azərbaycan dövləti işğaldan azad etdiyi torpaqlarında bərpa və yenidənqurma işləri reallaşdıracaq. O ki qaldı Rusiya sülhməramlılarının nəzarət etdiyi Dağlıq Qarabağa:

“Dağlıq Qarabağın gələcəyi qismən məlumdur. Bu, Qarabağın heç bir xüsusi statusa malik olmayan hissəsidir. Orada hazırda heç bir vətəndaş adminstrasiyası yoxdur, çətin operativ vəziyyətdir. 10  noyabr razılaşmasına uyğun olaraq orada Rusiya sülhməramlıları fəaliyyətdədir. Düşünürəm ki, Yeni ildən dərhal sonra azərbaycanlı əhalinin həmin əraziyə köçürülməsi başlanacaq''.

''Vətəndaş adminstrasiyasının yaradılması isə, məncə gələn ilin yazına təsadüf edər. Bütün bunlardan sonra isə, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi status məsələsinə də hardasa aydınlıq gələcək. Daha sonra vətəndaşların individual qəbullarına start veriləcək. Həmin yerli sakinləri seçim qarşısında qoyacaqlar”. 

Çünki ora köçürülən ermənilərin sənədləri Ermənistan pasportlarıdır deyən Oleq Kuznetsov əlavə edib ki, həmin ermənilərin müəyyən cinayət əməlləri olub, olmadığı yoxlandıqdan sonra onlara Azərbaycan vətəndaşlığı veriləcək. 

O ki qaldı ermənilərin Xocalıda yaşamaqlarına, Beynəlxalq hüquq və konfliktlər üzrə ekspert Emil Həsənov bildirdi ki, Beynəlxalq hüquqa görə belə cinayətləri törədənlər mühakimə olunmalıdır, Srebrenitsa və Ruanda genosidlərini nümunə gətirə bilərəm. Burada həm də bir mənəvi aspekt var:

“Sual yaranır ki, soyqırımı törədələr həmin ərazidə yaşaya bilərlərmi? Bəli, əgər yaşayıblarsa, deməli hüquqi baxımdan yaşaya bilərlər. Sadəcə, vacib sual yaranır ki, onlar Xocalıda cinayət törətdikləri xalqın milli-mənəvi dəyərlərinə zidd şərait yaratmadan yaşayacaqlarmı? Qəliz məsələdir, çünki gələcəkdə müəyyən risklər və spekulasiyalara zəmin yarada bilər. Düşünürəm ki, ermənilərin etnik azlıq kimi Xocalıda yaşaması gündəmdə olan müəyyən məsələlərə cavab vermir. Əlbəttə ölkə olaraq demişik ki, ermənilər Azərbaycan vətəndaşı olaraq, əvvəl yaşadıqları ərazidə yaşaya bilərlər”. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin