Millət vəkili Elman Nəsirov qeyd edib ki, “anklavların aqibəti necə olacaq” sualına cavabı əslində Prezident İlham Əliyevin 20 oktyabr Zəngilan səfərində səsləndirdiyi tezislərdə tapmaq olar:
“Zəngəzur dəhlizinin işə düşməsi Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqələrin tam bərpa edilməsi anlamındadır. Əsas odur ki, proses başlansın. Anklavlarla bağlı məsələnin müsbət həllini tapması üçün ilk növbədə Zəngəzur koridoru ilə bağlı məsələ həllin tapmalıdır” deyən deputat bu istiqamətdə proseslərin müsbətə doğru dəyişdiyini də bildirib.
Bizim.Media ilə özəl dialoqda Elman Nəsirov proseslərin zəncirvari reaksiyaya səbəb olacağını da açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
"Ermənilər niyə Qarabağda qalmalıdır?" - Elman Nəsirovdan David Babayana CAVAB
Belə ki, Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanla Ermənistan arasında kommunikasiyaların bərpası deməkdir. Bu isə iki ölkə arasında etimad mühitinin formalaşmasına gətirib çıxara bilər.
Deputatın fikrincə, etimad mühiti olan yerdə digər məsələlərin həlli üçün də münbit şərait yaranar:
“Nəticədə sərhədlərin delimitasiya və demarkasiyası həllin tapa, minalanmış ərazilərin xəritəsi də Azərbaycana təqdim oluna bilər. Ən əsası, böyük sülh sazişinin imzalanması qaçılmazlaşar. Hadisələrin müsbət dinamikası belə proqnozlara əsas verir. Dediyimiz reallıqlar fonunda, iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıdığı halda hələ də işğalda olan Qazaxın 7, Naxçıvanın 1 kəndinin Azərbaycana qaytarılması reallaşar. Digər məsələlər də həllini tapmağa artıq məhkumdur. Bunun başqa variantı yoxdur. Ermənistanın əslində çıxış yolu da qalmayıb. Onların əməkdaşlığa getməkdən başqa alternativi yoxdur.
Alternativ müharibədir. Amma gərək ağlını o qədər itirəsən ki, Azərbaycanla yeni savaşa girişəsən. Bu, ağıl və məntiqin itirilməsidir. Allah da bir insanı cəzalandıranda əvvəlcə onun ağlını alır”.
Millət vəkili fikrini belə tamamladı ki, yaxın zamanda sadalanan digər məsələlər kimi, anklavların da aqibəti məlum olacaq.
Bizim.Media