Şəhid analarına yeni İMTİYAZ gəlir – Onlar bəzi xərclərdən azad oluna bilər

Hazırda oxunan: Şəhid analarına yeni İMTİYAZ gəlir – Onlar bəzi xərclərdən azad oluna bilər

0:00
0:00
42691

Azərbaycanda "Şəhid anası" ordeninin təsis edilməsi təklif edilib. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Komitə sədri həmçinin təklif edib ki, televiziyalarda uğurlu qadın obrazı seçilərkən şou-biznes nümayəndələri deyil, alim, dövlətçi, sahibkar qadınlar, şəhid anaları və həyat yoldaşları diqqət mərkəzinə gətirilsin.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid ailəsi və müharibə əlillərinə mənzil verildi - FOTO 


Bizim.Media-ya sözügedən ordenin əhəmiyyətindən söz açan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev həmkarının sözügedən təklifini dəstəkləyib və vacib addım kimi dəyərləndirib:

“Qanunvericiliklə vərəsə şəhidin həyat yoldaşı hesab olunur. Şəhidə verilən titul və ya müavinətlər vərəsəyə təqdim edilir. Amma ananın da haqqı var ki, övladını o böyüdüb, şəhid oğlunun medalını da o saxlamaq istəyir. Şəhid analarına da medal verilsə, onlar onu sinəsində gəzdirəcək, əzizləyəcək. O medal onun üçün bir təsəlli olacaq. Həm də onun statusunun tanınması anlamına gələcək. Fikrimcə, belə bir ordenin təsis edilməsi şəhid analarının ürəyincə olacaq”.

Şəhid analarına müəyyən güzəşt edilməsi və imtiyazların verilməsi məsələsinə gəlincə, deputat bununla bağlı da təkliflər ortaya qoyub:

“Şəhid analarının müəyyən istirahət və sanatoriyalara getməsi, eləcə də xaricə uçuş biletlərində müəyyən miqdarda güzəştlərin edilməsi mümkün ola  bilər. Metro və ictimai nəqliyyatdan pulsuz istifadə, eləcə də bu kimi xidmətlərdən istifadə ilə bağlı siyahı müəyyənləşə bilər. Şəhid analarına ordendə hətta müavinət də nəzərdə tutula bilər. İstənilən halda bu məsələlərin hamısı müzakirələrdən keçir. Hesab edirəm ki, şəhid anaları buna layiqdir və gözəl təşəbbüs olduğu üçün həyata keçirilməyə məhkumdur”.

Ağ Partiya başqanı Tural Abbaslı aylar öncə özlərinin də belə bir təşəbbüslə çıxış etdikərini xatırladıb:

“Bildirmişdik ki, belə ordenlərin təsis edilməsi təqdirəlayiq olardı. Şəhid anası ordeni çox önəmli tituldur. Bu gün itkinin, əzabını, ağrısını və iztirabını daha çox çəkən şəhidlərimizin analarıdır. Dövlətin onları ayrıca bir ordenlə qiymətləndirməsi müsbət təşəbbüs olardı. Şərt deyil ki, buradakı ordenə müavinət verilsin. Olsa lap gözəl, olmasa belə şəhid anaları üçün bu bir təsəllidir”.

Partiya sədri sözügedən ordenin təsis edilməsi ilə şəhid analarına hansısa güzəştlər ediləcəyini də istisna etməyib:

“Məsələn, şəhid analarına kommunal xidmətdən və ya ictimai nəqliyyatdan azad etmək, bu kimi imtiyazlar tanına bilər.Ən azından şəhid anaları az da olsa itkilərinin əvəz edilməsini, yaxud hədər getmədiyini hiss eləmiş olarlar”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin