Udilərin dini rəhbəri: “Alban kilsələrinin rəsmi fəaliyyəti bərpa olunacaq”

Hazırda oxunan: Udilərin dini rəhbəri: “Alban kilsələrinin rəsmi fəaliyyəti bərpa olunacaq”

4258

Alban kilsələri adlanan tikintilərin bir çoxu daha qədimdir, onların 3 min, 3 min 5 yüz il yaşı var. Onlar qədimdə Ay Məbədləri adlanırdı, insanların Səmaya, Günəşə, Aya sitayişlərinin tapınakları idilər. Böyük Qafqazın cənub ətəklərindən Kiçik Qafqaz daxil olmaqla indiki Ermənistan ərazilərində bu cür məbədlərə rast gəlmək mümkündür.

Azərbaycan ərazisində Təkcə Xocavənddə 65-dən artıq kilsə var, Kəlbəcərdə 35-dən artıq IV-VI əsrlərə aid alban məbədləri mövcuddur. Ermənistanın 200 il ərzində bu ərazilərə doğru köçürülməsi Azərbaycan tarixinin qədim və ən zəngin dövrünü alt-üst edib.

Bizim.Media Alban-Udi Xristian dini icmasının sədri, Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert Mobilin ilə söhbətimizi də bu istiqamətdə qurduq. Ermənilərin saxtakarlıq mahiyyətinə toxunan R. Mobili bu gün Azərbaycan əhalisinin 96%-nin müsəlmanlar olduğuna diqqət çəkərək bildirdi ki, hazırda alban kilsələrinin dini varisləri ancaq udilər ola bilər: 

- Qafqaz Albaniyası eramızdan əvvəl IV əsrdən eramızın VII əsrinə qədər mövcud olmuş minillik tarixi malik ölkə olub. Azərbaycanda alban kilsəsinin çox böyük, zəngin irsi var. Ümumiyyətlə, alban mədəni irsi Azərbaycanda həddindən artıq zəngindir. Demək olar bütün bölgələrində bu mədəni irsin qalıqları mövcuddur. Həm böyük Qafqazın cənub yamacında, həm Qazax, Tovuz, Gədəbəy tərəfində və sözsüz ki, Dağlıq Qarabağda.

İşğaldan azad olunmuş ərazilərdə bu irs çox zəngindir, kilsələrin sayı da çoxdur. Təkcə Xocavənddə 65-dən artıq kilsə var, Kəlbəcərdə 35-dən artıq çox qədim IV-VI əsrlərə aid alban məbədləri var. Bunun faktiki qalanit ərazisi erməni kilsəsindədir. Söhbət binadan getmir, Türkiyədə məsələn qalanit ərazi xristian icmasının çoxluğunu təşkil edən Konistantinopol kilsəsinindir. Orada yunan kilsələri də var.

Türkiyə müsəlman ölkəsi olsa da, qalanit ərazi Konistantinopol kilsəsidir. Ona görə orada qonşu ölkələr olan yunanlar, suriyalılar, ermənilər bu mədəni irsə sahib ola bilməzlər. Çünki bu gün ora rəhbərlik edən dini rəhbər var. Bilirsiniz ki, bunun nə boyda güçü var, Ukrayna Pravoslav Kilsəsinə autokefaliya, yəni müstəqillik verdi. Bizim kilsədən söhbət gedirsə, həmin vəziyyət Misirdə var. Misir müsəlman ölkəsi olsa da, müstəqil Apostol Kopt kilsəsi var. İsrail də eyni vəziyyət movcuddur, yəhudi xalqı olsa da, Yerusəlim kilsələri  var.

Bizdə bu problem nədən ibarətdir? Çar Rusiyası 200 ildir bu əraziləri ermənilərin tabeçiliyinə verdi. İndi orada olan bütün xeyir dualar, dini ibadətlər faktiki erməni dilindədir, alban kilsəsi onların içində əridi. Bütün səlahiyyətlər ermənilərə veriləndən sonra onlar bundan çox “gözəl” istifadə elədilər, bütün abidələri erməniləşdirdilər.

Onlara lazım olan dini kitabları erməni dilinə tərcümə elədilər, qalanlarını yandırdılar. Hesab edirəm ki, söhbət 30 illik işğaldan getmir, mən 200 illik işğal deyirəm. Bir tərəfdən yuxarıda qeyd etdiyim kimi, çar Rusiyası onlara çox böyük səlahiyyət verdi, bir tərəfdən də ateist komunizm rejimində dinə olan münasibəti bilirdiniz. Müstəqillik qazanandan sonra isə, bunlar hamısı dönüb oldu “erməni apostol kilsələri”.

-Artıq toppaqlarımız işğaldan azad edilib və sizin də qeyd etdiyiniz kimi Dağlıq Qarabağ ərazisində olan çox sayda alban kilsələri də belə demək mümkünsə özümüzə qayıdıb. Bundan sonra hansı addımları atmalıyıq, nə etməliyik?

-Bu çox ciddi məsələdir, biz bunun üzərində işləyirik. 36-cı ildə alban kilsələri erməni idarəçiliyinə veriləndə xeyir dua məsələsi elə pozulub ki, kilsənin bəzi qanunları var, biz o qanunları poza bilmərik, amma bu proses gedir. Alban kilsələrinin rəsmi fəaliyyətini bərpa etmək üçün ciddi addımlar atılır. Əsas məsələ nədən ibarətdir, birinci iş, doğma Qarabağımızda çox sayda olan alban kilsələrinin bərpası olacaq, erməni vandallığından başqa erməni saxtakarlığını da üzə çıxaracağıq.

-Maraqlıdır, ermənilərin saxtakarlığını necə sübut edəcəyik? 

- Çox sadə, orada 7-8 üsul var. Birinci fərq memarlıq üsuludur, alban kilsələrini saxtalaşdırıb, erməni kilsələrinə uyğun memarioloji olaraq xristian elementləri ilə dəyişdiriblər. Lövhələri dəyişdiriblər, kilsənin memarlıq quruluşunu dəyişdiriblər, alban kilsəsinin altar hissəsi 70-71 sm-dirsə, onu 1.20 sm-ə qədər hündürləşdirirlər və gələn ziyarətçilərə bunu fakt olaraq göstərib erməni kilsəsi olması barədə fikirlərini əsaslandırırlar.

Əsas üstündə olan elementləri dəyişdiriblər. Məsələn bütün Şərq kilsələrində xaç elementləri fərqlidir, onu dəyişiblər, istər ibadət məsələsi olsun, istər linqvistikası olsun, alt bildiri olsun. Nə qədər saxtalaşdırsalar da, daşda olan yaddaşı silmək mümkün deyil, sabah biz bu abidələrə dünya miqyasında baxsaq görəcəyik ki, daşda nə informasiyalar olub, hansı bağlayıcı elementlər olub. O tarixi silmək mümkün deyil, həm də ona görə ki, onun yaşı fərqlidi, memarlıq üslubu fərqlidir və bayaq qeyd etdiyimiz elementlər.

Ermənilər tək Alban kilsələrini saxtalaşdırmayıblar, İslamla bağlı olan bütün abidələri məhv ediblər ki, bu bir aksiomadır. Bizə doğma olan Şərq kilsələridir, çünki biz Konistantinopolla bağlı deyilik, tariximiz daha qədimdir, birbaşa Qüdslə, Yerusəlimlə bağlıdır. Alban tayfaları, o cümlədən udilər xristianlığı qəbul eləsələr də, xaçın üstündə aya, günəşə, oda sitayəş eləyən elementlər var.

Çünki burada yaşayan xalqların böyük bir hissəsi aya, bir hissəsi də oda sitayəş edib. Udilər də xristianlığı qəbul etsələr də, aya sitayəşi qoruyub saxlayıblar, ya qurban mərasimi olsun. Bütün bunlar xristianlıqdan qabaq olan ibadətlərdir. Pirlər də bura daxildir. Mənim Laçından olan iş yoldaşlarım var, deyirlər məbədin yanına gedib, qurban kəsirdik, pul qoyurduq. Yəni bunlar hamısı xristianlıqdan öncə olan inancların qorunub saxlanmasıdır.

Azərbaycan türkləri də həmçinin. İslamı qəbul etsələr də, həmin inancları bu gün də qoruyub saxlayırlar. Bunun ən böyük örnəyi pirlərdir. Kilsələri də həmişə müqəddəs yerlərdə tikiblər. Orada hansısa sitayəş elementi olub. Məsələn Kiş məbədi 2700 – 3500 il tarixi var. Kilsədən qabaq orada aya sitayiş ediblər, ora Ay məbədidir.

-Alban əlifbası ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı?

-Albanların öz əlifbası olub, bunun ermənilərlə heç bir bağlılığı, aidiyyatı yoxdur. Dünya alimləri də bunu təsdiq ediblər və dünya da bunu qəbul edir. Alban əlifbasının əsasında müqəddəs dini kitablar Bibliya tərcümə olunub. Misrin Sinay yarımadasında məşhur Katerina kilsəsi var, orada çox maraqlı sənədlər var. Hətta Məhəmməd Peyğəmbərin (S.A.V) fərmanı var, indiyə qədər orada saxlanılır. Katerina kilsəsi vergilərdən azad olunub, toxunulmazlıq verilib. Bu haqda çox geniş danışmaq olar.

Bundan başqa alban ibadətləri ilə erməni ibadətləri bir-birindən tamamilə fərqlənir. Ən böyük fərqlərdən biri də apostol xəttidir. Bizdə apostol Vorfolomeylə bağlıdır, bu erməni xətti deyil, onların öz xətti var. Sadəcə, kilsə sahibsiz olub, veriblər ermənilərə, düzdür burada bizim də günahımız olub. Bizi də uzaqlaşdırıblar, ögeyləşdiriblər.

İndi isə görürük ki, ermənilər necə özlərini o tarixlə bağlayıblar, tarixi necə saxtalaşdırıblar. O kilsələr, məbədlər orada olmasaydı, ermənilər heç bir şey edə bilməzdilər. Niyə gəlib Kürdəmirdə, zərdabda oturmayıblar, harada kilsələr var, orada yerləşiblər. Bunu da şüurlu şəkildə, hiylə ilə ediblər, tarixi saxtalaşdırsınlar və yalandan söyləsinlər ki, biz iki min ildir burada yaşayırıq. Bir də bu məsələ indi daha çox aktuallaşıb və Cənab Prezident çox düz qeyd edir.

-Robert müəllim, ermənilərin tarixi saxtalaşdırmaları, Dağlıq Qarabağdakı qədim alban kilsələrini “erməni kilsələr”inə çevirmələri ilə bağlı UNESCO-da da çıxışınız olub.

-Dövlət tərəfindən təşkil olunan və sərbəst olaraq öz təşəbbüsümüzlə qatıldığımız xaricdəki bütün tədbirlərdə, bu mövzuda keçirilən bütün beynəlxalq forumlarda  mədəni irsin dini varisləri kimi çıxış etmişik, zəngin irsin Azərbaycana aid olması haqqında, hətta UNESCO-nun sessiyasındakı iclasda mən çıxış etmişəm. Mən Azərbaycanın mövqeyini müdafiə edərək Alban kilsəsinin alban xristian elementləri və onun irsinin tarixi haqqında danışaraq bu dağıntıların, abidənin daş-qalaq edilməsinin yalnızca ermənilərə məxsus bir hərəkət olmasından danışmışam.

Dünyada qəbul olunmuş Alban Apostol kilsəsinin, onun irsinin ermənilərə heç bir bağlılığı yoxdur. 17-18 təşkilatda onlarla üzbəüz yalanlarını, tarixi saxtalaşdırdqlarını, kilsələrin memarlıq üslubunu dəyişdirdiklərini, xaçkar məsələsini özlərinə də demişəm.

Ermənilər müharibəni uduzublar, hər şeydən əlləri üzülüb, indi başlayacaqlar yenə kilsələr məsələsini gündəmə gətrməyə. Düzdür gecikmişik, amma işləməliyik, irsimizi doğmalaşdırmalıyıq. Mən hələ o vaxt geoloq kimi çalışanda görmüşəm, biz tolerant xalq kimi demişik ki, ermənilər də gəlib kilsə də ibadət etsinlər.

Onlar da yavaş-yavaş o daşı, bu daşı dəyişdiriblər. Müsəlman icmaları da belə bir rəy yaradıblar ki, kilsədir, xaçdır, olsun ermənilərin, bizim əlimizlə irsimizi ermənilərə veriblər. İndi də bu dövrdə yaşayan insanlar necə əziyyət çəkirlər. 100 il bundan qabaq ermənilərin cavabını versəydik, indi hadisələr bu səviyyəyə gəlməzdi. Hələ də gec deyil. Əgər biz 30 il işğal altında olan torpaqlarımızı böyük zəfərlə azad etdiksə, demək məbədlərimizi də geri alacağıq, onların statusunun bərpa olunmasına nail olacağıq. Amma indi kilsə olmayacaq.

-Elə bu sualı vermək istəyirdim, kilsə, yoxsa məbəd?

-Bu barədə çox suallar verirlər. Bilirsiniz, orada ibadət eləməyəndə məbəd olur, Allahın evidir. Kilsə insanların yığışdığı, ibadət elədiyi yerdir. Əgər ibadət yoxdursa, orada xaça da ehtiyac yoxdur, muzey kimi, turistlərin ziyarət etdiyi yer kimi daha doğru olar. Çünki bütün dünyada belədir. Onlar hamısı Allahın evidir. Elə Xudavəng də Allahın evidir. Kilsə o vaxt olur ki, onun zəngi var, din xadimi var, ibadət edirlər, şam yandırırlar. Əgər bütün bunlar yoxdursa, o tarixi binadır, məbəddir. 

-Keşikçidağla bağlı zaman-zaman mübahisəli məsələlər gündəmə gəlir.

-Keşikçidağ məbədi ilə bağlı gürcü alimlərlə siyasi məsələlərdən uzaq olmaq şərtilə bir görüş təşkil etmişdik. Əsasən onu qeyd edim ki, Keşikçidağ məbədinə elmi-innovativ yanaşılmalıdır. Buraya dini rəhbər, tarixçi, coğrafiyaçı və geoloq cəlb olunmalıdır.

Olduqca qapalı bir yer olan Keşikçidağ məbədi sərhəd zolağı boyunca yerləşir, fərqli ekosistemə malikdir. Azərbaycana məxsus olan məbəddə sonralar gürcülər Provaslav kilsəsinə uyğun elementlərlə kilsəni dəyişdirmişlər. Bu kilsələrin tarixi süryanilərlə bağlıdır.

Qeyd etdiyimiz kilsə xristian dini rəhbərlərinin dini yaymaq məqsədilə tikdirdiyi kilsələrdəndir. Əgər tarixçilər ekosistem anlayışında Keşikçidağ məbədini araşdırsalar görərlər ki, qədimdən bu Alban kilsəsi olub. Bu istiqamətdə araşdırma aparmaq üçün də biz memar, dini rəhbər, petroqlif və digər mütəxəssislərlə birgə çalışmalıyıq.

Ağanisə Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin