Astara sərhədində TIXAC - Nə BAŞ VERİR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Astara sərhədində TIXAC - Nə BAŞ VERİR? – Rəsmi AÇIQLAMA 

42407

İran yük maşınlarının Astara sərhəd-keçid məntəqəsinin o tayında böyük sıxlıq yaranıb. Bu barədə İran-Rusiya Birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlalifər danışıb. O bildirib ki, İranın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracında Rusiyanın payı 80 faizdən çoxdur və bu yüklərin də əksəri Azərbaycan ərazisindən keçir. Hazırda isə sərhəd-keçid məntəqəsindən maşınların buraxılmasında ləngimələr var.

Cəlalifər bildirib ki, bu ləngimələrə görə Astara gömrük-keçid məntəqəsində yük maşınlarının keçid sürəti azalıb və hazırda İran tərəfdə 10 km-ə qədər böyük növbə yaranıb.

Məsələ ilə bağlı Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov Bizim.Media-ya açıqlamasında sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə əsassız məlumatların yarandığını bildirib:

“Bəzi kütləvi informasiya vasitələrində İran-Rusiya birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlalifərin verdiyi açıqlamaya istinadən Astara gömrük-sərhəd keçid məntəqəsinin İran tərəfində böyük sıxlığın yarandığı barədə məlumatlar yayılıb və bunu guya Azərbaycan tərəfinin İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən etdiyi vurğulanıb. Bu kimi məlumatlar həqiqətəuyğun deyil.
 

Astara gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və İrandan Azərbaycana son on gündə əvvəlki günlərlə müqayisədə daha çox  yük nəqliyyat vasitəsinin keçidi təmin olunub ki, İran rəsmisi bu statistikanı da öz ölkəsinin müvafiq qurumlarından rahatlıqla əldə edə bilər”. 


İran tərəfində yaranan sıxlığa gəlincə Komitə rəsmisi bunun sırf İran tərəfində yaranan problemlərdən qaynaqlandığını qeyd edib:

“Belə ki, oktyabrın 15-dən 16-na qədər 10 saat ərzində İran tərəfində kompüter sistemində yaranan nasazlıq və bu müddət ərzində yük avtomobillərinin keçidinin təmin edilməməsi, eləcə də İranın Astara şəhərində meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatlarında mövcud olan uzun növbələr sıxlığın yaranmasına səbəb olub. İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq, buna siyasi don geyindirmək yolverilməzdir və təəssüf doğurur”, - deyə Natiq Axundov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin