Ali Məhkəmədə mənimsəmədə və dələduzluqda təqsirləndirilən Göygöl rayonunun Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bizim.Media-nın xəbərinə görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə D.Vəliyevin kassasiya şikayəti təmin edilib.
Onun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 3 aya endirilib.
İttihama görə, D.Vəliyev öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda dələduzluq edərək ziyan vurub. Eyni zamanda, ona etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəyib.
İstintaq orqanı tərəfindən D.Vəliyevə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib.
Bizim.Media