Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar.
Bizim.Media xəbər verir ki, səfər zamanı Prezidentə bildirilib ki, Füzulidə Zəfər Parkı və İşğal muzeyi salınacaq.
MÖVZU İLƏ BAĞLI:
Füzulidə hər evin neçə sot torpağı olacaq? – Prezident açıqladı
Parkda, həmçinin Zəfər abidəsi də qurulacaq.
Bayraq meydanı şəhərin ən yüksək nöqtəsində salınacaq və Füzulinin yeni simvolu olacaq. Xüsusən də axşam vaxtı işıqlandırma effektləri ilə hər tərəfdən görünəcək.
Layihənin müəllifi Rəşad Mehdiyev abidənin üç hissədən - podium, lövhə və sütunlardan ibarət olduğunu bildirib:
“Lövhədə Füzulidə ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş igidlərin adları əks olunacaq. Abidənin davamında 44 sütun olacaq ki, ümumi 44 simvolunu əks etdirəcək. Abidə həm səmadan, həm də dörd tərəfdən görünəcək. Orada elə bir instalyasiya yaranacaq ki, bu 44 simvolu havada kimi görünsün”.
Muzey isə 6 əsas zaldan ibarət olacaq. Hər zal bir mövzuya həsr olunacaq, Füzulinin və Qarabağın strateji əhəmiyyətindən bəhs edəcək. Muzeyin alt qatında erməni işğalçıları tərəfindən qurulmuş istehkamlar təqdim olunacaq.
Bununla yanaşı, Füzulini azad edərkən bizim hərbçilərimizin mükəmməl qurduğu strategiyaya həsr olunmuş bir zal da hazırlanacaq.
Muzeydə Füzuli işğaldan azad olunduqdan sonra onun görkəmi, bugünkü vəziyyəti və şəhidlərimizin xatirəsinə həsr olunmuş ayrıca bir ekspozisiya da təşkil olunacaq.
Bizim.Media