Barəsində cinayət işi qaldırılan "Azərişıq" ASC-nin Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayevin istintaqı tamamlanaraq rayon məhkəməsinə göndərilib.
Bu barədə Bizim.Media-ya Quba rayon prokurorluğundan bildirilib.
Prokurorluqdan qeyd olunub ki, Quba rayon məhkəməsi artıq prosesin hazırlıq iclasının vaxtını təyin edib.
Xatırladaq ki, Quba rayonunda yerləşən ticarət obyektində baş verən yanğınla bağlı “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayevin səhlənkarlığına görə iş adamı Mövlud Əliyevə 75 935 manat ziyan dəyib.
Hadisə ötən il dekabr ayının 26-da Quba şəhərindəki 55 saylı mağazada baş verib. Nəticədə mağaza içərisindəki əşya və ərzaq məhsullarla birgə tamamilə yanıb. Rayon prokurorluğunda CM-nin 314.1-ci maddəsilə açılan cinayət işinin istintaqında məlum olub ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev xidməti vəzifələrini layiqincə yerinə yetirməyib.
Mağaza Quba istehsal-istehlak kooperativinə məxsus olub. Mövlud Əliyev və Elçin Orucov tərəfindən icarəyə götürüb. Yanğın nəticəsində kooperativə 18120 manat, sahibkarlara 75395 manat , ümumilikdə isə, 95055 manat ziyan dəydiyi məlum olub.
Mövcud xətt və elektrik avadanlıqlarının dayanıqlı olmasını təmin etməyib. Baş verən nasazlıq yanğına səbəb olub.
Qeyd edək Kamran Babayev barəsində Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media