Tovuz rayonunda 70 il fəaliyyət göstərən sement istehsalı zavodunun hazırda xarabalığı xatırlatdığını yazmışdıq.
Bizim.Media-nın bununla bağlı reportajında 1912-ci ildə tikilmiş binanın və tarixi abidəyə çevrilmiş qülləsinin baxımsız durumunu ictimailəşdirmişdik.
MÖVZU İLƏ BAĞLI:
Lenin muzeyinin tikintisinə sement göndərən zavodun AQİBƏTİ – Tovuzdan REPORTAJ – ÖZƏL
Sovet dönəmində dünyanın 40-dan artıq ölkəsinə 7 rəngdə sementdən hazır məhsul göndərən, məşhur Lenin Mavzoleyinin və Moskva metrosunun tikintisində, Sankt-Peterburqda dekorasiya işlərinin görülməsində istifadə olunan zavodun ölkənin iqtisadi inkişafında böyük rolunu xatırlatmışdıq.
Eləcə də 1982-ci ildə Tovuz sement zavodunun ekoloji tarazlığı pozduğunu səbəbindən bağlandığını, 90-cı illərin əvvəllərində isə zavodun həyətində olan qış və yay mədəniyyət evi, istirahət parkı, eləcə də digər inzibati binaların söküldüyünü xəbər vermişdik. Hazırda zavodun yalnız toz və tüstüsünün çıxdığı 35-40 metr hündürlüyündə olan qülləsi qalıb. Tovuzun əksər hissəsindən görünən, öz əzəmətini indiyədək saxlayan zavod qülləsinin 109 yaşı var.
Qülləsi tarixi abidə kimi qeydə alınan zavodun baxımsız, mühafizəsi ilə bağlı işlərin getməməsi və ən əsası işlək olmaması məsələsi gündəmə gəlib.
Maraqlıdır, ötən əsrin 80-ci illərinin sonunda işini dayandıran və yüz ildən çox yaşı olan zavodun aqibəti necə olacaq? Ölkənin iqtisadi inkişafında rol oynayan zavodun yenidən istismar edilməsi mümkündürmü? Tarixi abidə kimi mühafizə olunurmu? Turizm məkanına çevrilə bilərmi?
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən hər hansı cavab ala bilmədik. Qurumun mətbuat katibi Abbas Əliyev sorğumuzu qəbul etsə də, məsələyə susqunluq nümayiş etdirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli isə tarixi binanın qorunması üçün abidə mühafizəçiləri tərəfindən əraziyə mütəmadi olaraq baxış keçirildiyini bildirib:
“Tovuz rayonunda yerləşən 1912-ci ildə inşa olunmuş sement zavodunun binası yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Abidənin bərpası və istifadəsi məsələsinə gəlincə, həmin ərazi şəxsi mülkiyyətdə olduğundan abidənin bərpası qanunvericiliyə uyğun olaraq mülkiyyətçinin vəsaiti hesabına müvafiq dövlət orqanları ilə razılaşdırılmaqla həyata keçirilə bilər”, - deyə qurum rəsmisi əlavə edib.
Zavodu kim özəlləşdirib? Tarixi abidə olan ərazidə özəlləşdirmə aparıla bilərmi?
Bu suallar ətrafında araşdırmamız davam edəcək.
Alçina Amilqızı, Bizim.Media