Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov oktyabrın 13-14-də Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun dəvəti ilə Ankara şəhərində rəsmi səfərdə olub.
Bizim.Media xəbər verir ki, səfər Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi məqsədilə həyata keçirilib.
Seyfullah Hacımüftüoğlu ilə keçirilən ikitərəfli görüşdə Ramil Usubov dost və qardaş ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, bu münasibətlərin regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq və dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfə verdiyi xüsusi vurğulanıb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının peşəkarlığının artırılmasında, birgə təlimlərin keçirilməsində, digər nailiyyətlərdə Türkiyə Silahlı Qüvvələrinin xidmətləri xüsusi qeyd olunub.
2021-ci iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparılıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Bizim.Media