Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə T.Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayının 22-də saat 23:50 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində 67A nömrəli evin qarşısında naməlum şəxs “Niva” markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu və 1984-cü il təvəllüdlü Bağıyev İlkin Gülhüseyn oğlu yaralanıb.
Z.Muradov sinəsindən, İ.Bağıyev isə bud nahiyəsindən yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, güllələnən Z.Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostudur. O, xəstəxanadan çıxandan sonra həbs edilib. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülüb və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media