Şirkətlərin birləşməsi nədən xəbər verir? – Ekspertdən Biznesin İnkişafı Fondu ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Şirkətlərin birləşməsi nədən xəbər verir? – Ekspertdən Biznesin İnkişafı Fondu ilə bağlı AÇIQLAMA

41319

“Azərbaycanda iqtisadi islahatlar adı altında həyata keçirilən bütün prosesin effektivliyi üçün siyasi və institusional islahatlara da ehtiyac vardı. Azərbaycan 2016-cı ildə 12 strategiya qəbul etdi və icra etməyə başladı. Amma 2020-ci ildə biz gördük ki, bu strategiyaların icrası heç də gözlənildiyi səviyyədə olmadı. Nəyə görə?” sualını verən iqtisadçı ekspert Rəşad Həsənov əsas səbəb kimi prosesin siyasi və institusional islahatlarla zəif dəstəklənməsini qabartdı.

Bizim.Media ilə özəl müsahibədə ekspert bildirdi ki, kompleks tədbirlər görülməyəndə nəticənin əldə olunması çətinləşir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Biznesinin İnkişafı Fondu yaradıldı


Ötən gün yaradılan yeni qurumlardan bəhs edən Rəşad Həsənov iqtisadiyyat sahəsində əhəmiyyətli hesab oluna bilən yenilik kimi Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) birləşməsindən ortaya çıxan yeni qurumu önə çəkdi:

“Biznesin İnkişafı Fondu yaradıldı. Düşünürəm ki, bu xüsusi əhəmiyyətə malik məsələdir. O baxımdan ki, ümumiyyətlə götürəndə SİF və AİŞ-in fəaliyyətinin yeni çağırışlara uyğunlaşdırılmasına zərurət vardı. SİF öz fəaliyyətini təkmilləşdirməli və xüsusilə də müəssisələrin maliyyə təminatının gücləndirilməsi prosesində iştirakçılığını artırmalıdır. İnvestisiya Şirkətinin bu quruma birləşməsi və böyük ehtimalla səlahiyyətlərin gələcəkdə bir əsasnamədə toplanması Biznesin İnkişafı Fondunun müəssisələrin maliyyələşdirilməsi məsələlərində daha aktiv iştirak edə bilməsinə əsaslar yaradacaq. 

Burada digər məsələ vahid bir siyasətin həyata keçirilməsi olmalıdır.

Məsələn, Azərbaycanda iqtisadi subyektlər arasında Dünya Bankının və ya Davos Forumunun keçirdiyi sorğulardan məlum olur ki, ən ciddi problemlərdən biri maliyyə əlçatanlığıdır. Bu, 2013, 2019-cu illərin sorğularında da əsas problem kimi ortaya çıxıb.

Amma SİF-in özünün imkanları çox məhduddur. Yəni, təxminən 16 milyard manatlıq həcmində bir kredit portfelində Sahibkarlığın İnkişafı Fondunun (SİF) iştirakçılıq payını nəzərə almış olsaq, bu, cüzidir. İllik maliyyələşmə tempi də aşağı düşür, artıq 130-150 milyon manat həcmində kreditləşmə biznesi dəstəkləmə gücü deyil.

Buna görə də ayrı-ayrı, dağınıq şəkildə olan qurumların da birləşdirilməsi onlara ayrılan vəsaitlərin, aktivlərinin birləşdirilməsi daha effektiv nəticə əldə etməyə gətirib çıxara bilər. 
 

Amma bir məsələ də var ki, İnvestisiya Şirkətinin aktivlərinin Biznesin İnkişafı Fonduna (BİF) daxil edilməsi, həmçinin BİF-in beynəlxalq maliyyə qurumlarından da vəsait cəlb etmək imkanlarını genişləndirə bilər. Çünki bu zaman Biznesin İnkişafı Fondunun konkret dəyəri olan səhmləri də olacaq”.


İqtisadçı ekspertin fikrincə, son sadalananlar iqtisadiyyata, əsasən də mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə köməyini artıra bilər.

Rəşad Həsənov yeni əsasnamadə əks oluna bilən nüanslara da toxunub. Belə ki, SİF-in fəaliyyətində iri şirkətlərin daha çox pay götürməsi, hədəfdən kənar maliyyələşmə, sektoral diferensiallığın olmaması kimi məsələlər vardı. Biznesin İnkişafı Fondunun fəaliyyətində isə bu məsələlər daha dəqiq və çevik şəkildə həllini tapacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin