Özbəkistan KTMT-dən uzaqlaşma SƏBƏBLƏRİ – Qabil Hüseynlinin ŞƏRHİNDƏ

Hazırda oxunan: Özbəkistan KTMT-dən uzaqlaşma SƏBƏBLƏRİ – Qabil Hüseynlinin ŞƏRHİNDƏ

41145

“Özbəkistan yeni prezidentinin dövründə kifayət qədər müstəqil və cəsarətli xarici siyasət xəttini həyata keçirir. Onun KTMT-yə üzvlüyünü yeniləmək üçün, təşkilata yenidən daxil olması üçün Rusiya xeyli iş gördü” deyən sabiq dövlət müşaviri Qabil Hüseynli hətta Şoyqunun (Rusiya müdafiə naziri) Əfqanıstanda taliblərin qalib gəlməsindən sonra Özbəkistana səfər etdiyini bildirdi.

Bizim.Media-ya özəl açıqlamasında politoloq qeyd etdi ki, Şoyqunun Özbəkistan səfəri həmin ölkədə hərbi təlimlərin keçirilməsi ilə bağlı razılaşma əldə olunması ilə yekunlaşdı. 
 

MÖVZU İLƏ BAĞLI:

Özbəkistan bir daha KTMT-yə qayıtmayacaq - SƏBƏB


Bəzi mənbələrin dediyinə görə, Şoyqunun Özbəkistan səfərində Daşkəndin KTMT üzvlüyü də razılaşdırılıb. Amma hazırda Özbəkistan KTMT-yə üzv olmayacağını açıqlayıb. Qabil Hüseynlinin qənaətincə, bunun bir sıra səbəbləri var:

“Əvvəla Özbəkistan ciddi türkçülük siyasəti həyata keçirərək üzümüzə gələn ay İstanbulda baş tutacaq türdilli dövlətlərin zirvə toplantısında iştirak edəcək. Bu toplantının tarixi əhəmiyyətə malik olduğu deyilir. Çünki topklantıda türkdilli dövlətlərin birliyi Türk Dövlətləri Birliyi formasında adı dəyişdiriləcək və üzv ölkələr arasında siyasi-iqtisadi əlaqələrin möhkəm təməlinin qoyulması qərarlaşdırılacaq. Turan Ordusu ideyası gündəmdə dursa da, İstanbul görüşündə bu məsələnin müzakirəsi nəzərdə tutulmur. Hələki Turan Ordusu ideyasını Türkiyə, Azərbaycan və Pakistan müdafiə edir.

Burada türkdilli dövlətlərin Avropadakı ümumbazar prinsiplərinə əsaslanan iqtisadi birliyini yaratmaq və möhkəmləndirmək hədəfi güdülür. Digər məsələlər müəyyən müddətə qədər təxirə salına bilər. 


Özbəkistan prezidenti Şavkat Mirziyoyev türk dövlətlərinin birliyini ürəkdən istəyən adamdır və bu istiqamətdə ciddi addımlar atmağa hazır olduğunu da bildirib. Amma Turan Ordusu ideyasını hələ də Özbəkistanda tam dəstəkləmirlər. Bunu da onunla izah edirlər ki, keçmiş prezident İslam Kərimovun dövründə Özbəkistan KTMT-nin tərkibindən çıxdıqdan sonra özünü hərbi bloklara qoşulmayan, neytral ölkə kimi elan edib. Mirziyoyev Kərimov dövründə elan olunan siyasi xətti birdən-birə dəyişdirmək fikrində deyil. Üstəlik, bu məsələdə Özbəkistan qonşu Əfqanıstanı da qıcıqlandıra bilər. Əfqanıstanla danışıqlarda iştirak edən Özbəkistan XİN rəhbəri Talibanla müəyyən razılaşmalar əldə edib. Bu razılaşmalar isə yaxın qonşuluq münasibətlərinin qurulması və davam etdirilməsi istiqamətindədir.

Beləliklə, Özbəkistanın KTMT-yə daxil olmayacağı təkcə Turan Ordusu ideyası ilə deyil, həm də qonşu Əfqanıstanla yaxşı münasibətləri qoruyub-saxlamaq naminədir. Hər halda indiki şəraitdə bunu düzgün addım hesab etmək olar. 
 

Çünki Özbəkistan öz təhlükəsizliyini təmin etmək üçün güclü hərbi-siyasi potensiala malik olmalıdır.


Bununla yanaşı türk dövlətləri birliyinin çətirini öz başı üzərində daha yaxından hiss etməlidir. Bir sözlə, Özbəkistan yavaş-yavaş da olsa, Kərimov dövrü ilə müqayisədə kifayət qədər cəsarətli formada aktiv xarici siyasət yürüdür”.

Eks dövlət müşavirinin fikrincə, türk dövlətləri ilə yaxınlaşma bu siyasətin əsasını təşkil edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin