ABŞ-da hərbi mühəndis və onun həyat yoldaşı Amerika nüvə sualtı qayıqları ilə əlaqədar gizli məlumatları xarici vətəndaşa satdıqları üçün saxlanılıblar.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ABŞ-ın Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, bir il ərzində Merilend ştatından olan evli cütlük Jonathan və Diana Toebbe özünü xarici bir hökumətin nümayəndəsi kimi təqdim edən “FBI agenti”nə gizli sənədlər veriblər.
Cütlük hazırda cinayətkar əməllərinə və atom enerjisi qanununu pozduqlarına görə ittiham olunur.
Kişi ABŞ Hərbi Dəniz Qüvvələrində nüvə inkişafı proqramında nüvə mühəndisi olaraq çalışıb, sualtı nüvə gəmilərində istifadə olunan reaktorların dizayn elementləri, iş parametrləri və xüsusiyyətləri də daxil olmaqla dövlət sirrinə sahib olub.
Araşdırmaya görə, 1 aprel 2020-ci ildə Toebbe gizli sənədlərin bir hissəsini xarici hökumətə poçtla göndərib. Bu məktub FBI tərəfindən ələ keçirilib, bundan sonra mühəndis və şəriki olan həyat yoldaşı nəzarətə götürülüb.
Cütlük 10 min dollar əvvəlcədən ödəniş aldıqdan sonra, 2021-ci ilin iyununda razılaşdırılmış yerə - Qərbi Virciniyadakı kafeyə gediblər. Orada Jonathan Toebbe həyat yoldaşının köməyi ilə, gizli məlumatları olan SD kartını sendviçinin içində gizlədib. 28 avqust 2021-ci ildə cütlük bənzər bir əməliyyat həyata keçirib, ancaq bu dəfə məlumatları saqqız paketinə yerləşdirib.
9 oktyabr 2021-ci ildə ər-arvad FBI və ABŞ Donanmasının Cinayət Axtarış Xidməti tərəfindən tutulub.
Ədliyyə Nazirliyinin press-relizində onların dövlət sirrini hansı ölkəyə ötürdükləri açıqlanmır.
Bizim.Media