Koronavirus səbəbindən əsas ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox müşahidə olunur.
Bizim.Media-nın məlumatına görə, bu gün keçirilən brifinqdə TƏBİB-in infeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva belə deyib.
O bildirib ki, ölkə üzrə ümumi ölüm faizi 1,1 faiz təşkil edir.
Nəzrin Mustafayeva ağırlaşmaların daha çox ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində müşahidə edildiyini söyəyib:
“Yoluxanlardan 81 faizi xəstəliyi yüngül keçirir. Lakin bəzi həssas qrup şəxslər xəstəxanalara axın edir. Bəziləri isə bizim təyin etmədiyimiz müalicələrə yönəlirlər. Son günlər əhali arasında sistem vurulması halları da çoxalıb.
Xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər. Vətəndaşları təşvişə düşməməyə çağırırıq.
Testin nəticəsi pozitiv olan bəzi şəxslər isə yaşadığı yerləri tərk edirlər. Bu da onların özlü və ətrafdakılar üçün təhlükə yaradır. Bu şəxsləri karantin qaydaların ciddi şəkildə riayət etməyə çağrırıq”.
Bizim.Media