Mingəçevir şəhəri Şah İsmayıl Xətai 6 A binasının ərazisində acınacaqlı durum hökm sürür.
Bizim.Media xəbər verir ki, bərbad mənzərəni lentə alan bina sakini Rövşən Mustafayev sosial şəbəkələrdə paylaşım edib.
İctimailəşdirdiyi videogörüntüdən də məlum olur ki, binanın zirzəmisi kanalizasiya suları ilə dolub və hər tərəf natəmizliyə qərq olunub.
Rövşən Mustafayevin sözlərinə görə binanın zirzəmisinə axıdılan kanalizasiya suları nasosla çəkilib 3-4 gündən bir birbaşa yola axıdılır. Nəticədə ərazidə bərbad mənzərə və üfunət baş qaldırıb. Pis qoxudan ərazidə və mənzillərdə dayanmaq mümkün deyil. Üstəlik yaşıllıqla dolu əraziyə axıdılan çirkli su 2 ildir ki, xeyli ağacın tədricən məhv olmasına səbəb olub.
Bina sakini hər gün hökm sürən bu mənzərədən narahatlığını ifadə edib və tədbir görülməsi üçün aidiyyəti qurumlara səslənib.
Bizim.Media olaraq məsələyə cavabdeh qurumlarla əlaqə yaratmağa çalışsaq da, cəhdimiz baş tutmayıb.
Məsələni diqqətdə saxlayacağıq.
Alçina Amilqızı, Bizim.Media