Uşaqların peyvəndlənməsi TƏHLÜKƏLİDİRMİ? - “Bu, bizə nə verəcək, bilmirik”

Hazırda oxunan: Uşaqların peyvəndlənməsi TƏHLÜKƏLİDİRMİ? - “Bu, bizə nə verəcək, bilmirik”

40702

Xəbər verildiyi kimi Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə “Pfizer” peyvəndi vurulacaq. Rəsmi açıqlamalara görə bu peyvənd müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən vurula bilər. 

Uşaqların vaksinasiya prosesinə cəlb olunması ölkədə ciddi müzakirələrə səbəb olub.

Bəzi mütəxəssislər uşaqların peyvəndlənməsində qorxulu heç nəyin olmadığını deyir, bəziləri isə vaksinin yeniyetmələrə mənfi təsirindən və fəsadlarından ehtiyatlanır. Müstəqil tibbi ekspert Abdulla Şıxlinskinin yerli mətbuata bu məsələdəki açıqlaması isə ictimaiyyətdə rezonans doğurub. Həkimin fikrincə, vaksinasiya uşaqların əlillik dərəcəsinə kimi gətirib çıxara bilər ki, onların inkişafı və yaşaması sual altındadır. Abdulla Şıxlınski qeyd edir ki, dünyanın bütün vicdanlı alimləri koronavirusa qarşı vaksinin mövcud olmadığını sübut  ediblər:

“Çünki təbabət elminin qanunlarına görə də, normal, təhlükəsiz və effektiv insan vaksini hazırlamaq üçün 25-30 il vaxt lazımdır. Bu müddətin təkcə 15 ili kliniki sınaqlara gedir. Ona görə də koronavirusa qarşı belə bir vaksinin mövcudluğu sual altındadır. Övladlarını könüllü şəkildə vaksinasiyaya aparan valideynlər bu barədə ciddi şəkildə düşünməlidir”, deyə azərbaycanlı həkim valideynlərə çağırış edib.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan pediatr Vaqif Qarayev əsası olmayan açıqlamalarla insanları təşvişə salmağın düzgün olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Peyvənd 5-11 yaş uşaqları da qoruyur? - AÇIQLAMA


“Dünyada COVID  peyda olandan Abdulla Şıxlınski kimi həkimlər çox peyda olub. Epidemiyanı qəbul etməyənlər  nə qədər desəniz var. Abdulla Şıxlınski psixiatrdır. Yəni onun virus, epidemiya, COVID-in müalicəsi, hətta pandemiyanın gedişatı ilə bağlı proqnoz verməsi barədə heç bir elmi biliyi yoxdur və ola da bilməz. Amma COVID-dən sonra bəzi prsixi pozğunluqlar olur ki, biz insanları o sahənin adamına yönləndiririk. Abdulla Şıxlinski bəlkə bu məsələdən danışsın.
 

Peyvənd olunan uşaqların yaşama şansının olmamasını əsaslandırmadan yaymaq insanlar arasında panika yaratmaqdır”. 


Vaqif Qarayev son vaxtlar yoluxmadakı müsbət tendensiyanın məhz insanların kütləvi vaksinasiyaya cəlb olunmasından sonra başladığını deyib:

“Peyvənddən sonra antitellər varsa, deməli vaksinasiyanın faydası haqda danışa bilərik. Vaxtilə məlumatlar gedirdi ki, uşaqlar üçün xüsusi peyvəndlər hazırlanacaq. Amma indi bəlli olur ki, xüsusi peyvənd planı hazırlanmayıb. 12 yaşından sonra “Pfizer” peyvəndi təkcə Azərbaycanda deyil, bütün dünyada uşaqlara məsləhət görülür.
 

Amma bu bizə nə verəcək, onu da bilmirik. Gərək kampaniya başlasın ki, daha sonra uşaq kontingenti arasında yoluxma statistikasına fikir verək”, - deyə həkim əlavə edib. 


Qeyd edəək ki, bu günlərdə Trampın şəxsi həkimi, İsrailli həkim Zelenko uşaqların vaksinasiyasının böyük faciə ilə nəticələnəcəyini açıqlamışdı:

“Vaksinasiya olunmuş uşaqların hamısında gen modifikasiyası, mutasiyası əmələ gələcək. Bu da irsi genetik xəstəliklərinin yaranmasına səbəb olacaq ki, həmin uşaqların yaşaması mümkün olmayacaq. Bu baxımdan uşaqların vaksinasiyası barədə fikirləşdikdə, bu məsələlərə dərindən diqqət etmək lazımdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin