“Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Tərtər və Bərdə rayonlarında səfərdə oldu - FOTO
Prezident bu ərazinin strateji əhəmiyyətinin yüksək olduğunu diqqətə çatdırıb:
“Bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin işğaldan azad edilməsi zamanı şəhidlərimiz oldu, qazilərimiz oldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin.
Düşmən bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi.
Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci azad edilmiş kəndlərdən sonra, - birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi - 6 kənd, - oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi.
Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi.
Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi.
Bu kəndlərin strateji əhəmiyyəti ondadır ki, burada düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi.
Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıldı, məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi.
Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı.
Bu kənddə Dövlət bayrağını ucaldaraq şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramımı bildirirəm. Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq. Bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacağıq”.
Bizim.Media