Noyabrın 4-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaq müsabiqəsi və hərracı keçirəcək.
Bizim.Media Xidmətə istinadən xəbər verir ki, müsabiqə və hərraca Abşeron, Goranbay, Zərdab, Qazax, İmişli, Biləsuvar, Masallı, Balakən, Qəbələ, Oğuz rayonlarında yerləşən torpaq sahələri çıxarılıb. Hərraca çıxarılan torpaq sahələri fərdi yaşayış sahəsinin tikintisi, sahibkarlıq, kənd təssərrüfatı təyinatlı olmaqla üç qrupa bölünür.
Hərracda təklif olunan ilkin qiymətlərə gəlincə, Qəbələ rayonunda olan torpaq sahələrinin yüksək qiymətləri diqqət çəkib.
Qəbələdə torpaq sahələri hətta Abşeron rayonunun müxtəlif kəndlərində təklif olunan sahələrdən yüksəkdir. Məsələn, Qəbələdə 600 kvadratmetrlik torpaq sahəsi 4380 manatdan təklif olunur. Halbuki Ceyranbatan qəsəbəsində eyni ölçülü sahə 1500 manatdan təklif olunur.
Müsabiqə və hərraclarda iştirak etmək istəyən hüquqi və fiziki şəxslərdən “COVID-19 pasportu”, “İmmunitet sertifikatı” və ya COVID-19-a dair PCR testin mənfi nəticəsi haqqında arayışı təqdim etmələri tələb olunur.
Hərrac barədə Xidmətin rəsmi saytında ətraflı məlumat almaq mümkündür.
Xatirə, Bizim.Media