Ermənistan və Azərbaycan nümayəndələri Gürcüstanın Kaçreti şəhərində keçirilən görüşdə bir araya gəliblər. Onlar Cənubi Qafqazda davamlı sülhün dəstəklənməsində etimad tədbirlərinin rolu ilə bağlı müzakirə aparıblar.
Bizim.Media məlumat verir ki, 30 sentyabr 2021-ci il tarixində Gürcüstanın Kaçreti şəhərində bir araya gələn hər iki ölkənin nümayəndələri "Etimad tədbirlərinin Cənubi Qafqazda davamlı sülhə necə töhfə verə biləcəyi" mövzusunda müzakirə aparıblar.
MÖVZU İLƏ BAĞLI:
Oktyabrın 18-də Ermənistan Ədalət Məhkəməsi qarşısına ÇIXARILACAQ
Görüşdə Ermənistan və Azərbaycanı alimlər, siyasət ekspertlər və beyin mərkəzlərinin nümayəndələri təmsil ediblər.
Müzakirə Avropa Birliyinin dəstəyi ilə “LINKS Europe” təşkilatı tərəfindən təşkil edilib. Tədbirdə Ermənistanın Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzi və Azərbaycanın Qafqaz Siyasətinin Təhlili Mərkəzi də iştirak edib.
Konstruktiv və işgüzar şəkildə keçirilən görüşdə iştirakçılar Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini, 44 günlük Qarabağ müharibəsindən sonrası vəziyyəti və Cənubi Qafqazda davamlı sülhlə bağlı perspektivləri qiymətləndiriblər.
Nümayəndələr hazırda müzakirə olunan və təklif olunan müxtəlif sülh təşəbbüslərini müsbət qiymətləndirib və davamlı sülh üçün doğru şəraitin yaradılmasına töhfə vermək məqsədilə sülh quruculuğu prosesləri ilə məşğul olmağa hazır olduqlarını ifadə ediblər.
Görüşdə mümkün etimad tədbirləri üçün bir neçə praktiki fəaliyyət istiqamətləri müəyyən edilib və bu fikirləri daha da inkişaf etdirmək barədə razılıq əldə edilib.
Bunun üçün üç işçi qrupu və üç əlaqə qrupunun yaradılması planlaşdırılıb. Bu işçi qrupların humanitar, mədəni məsələlərlə yanaşı, media problemləri, gənclərlə iş, qadın və gender problemləri ilə məşğul olması nəzərdə tutulur.
Qeyd edək ki, bu tədbirlər “LINKS Europe” təşkilatı tərəfindən 1997-ci ildən etibarən müntəzəm olaraq təşkil olunur.
Tədbirlərin əsas məqsədi isə Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə dəstək olmaq, xüsusən də sülh proseslərini dəstəkləmək üçün xüsusi etimad tədbirlərinin hazırlanmasıdır.
Bizim.Media