ABŞ-da anti-Türkiyə yönümlü hərəkətlər yenidən baş qaldırmaqdadır. Ağ Evin bu dəfə əldə bayraq etdiyi mövzu isə qondarma erməni soyqırımıdır.
Təfərrüatlara gəlincə...
ABŞ-ın Türkiyədə yeni səfir namizədi olan Ceff Fleyk ölkə senatında “erməni soyqırımı”na qarşı olan senatorlardan biri kimi tanınıb. Belə ki, Fleyk daha əvvəl nə az, nə çox düz 4 dəfə (2005, 2007, 2010, 2014-cü illərdə) qondarma soyqırımın tanınması layihəsinin əleyhinə səs verib.
Lakin Bizim.Media sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, Fleyk Türkiyəyə səfir göndərilməmişdən əvvəl, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez, mövqeyini dəyişib - dəyişmədiyini və "erməni soyqırımını bir daha təsdiqləmək üçün bu quruma və rəhbərliyə qoşulmağa" hazır olduğunu soruşduqda "bəli" cavabını verib.
MÖVZU İLƏ BAĞLI:
Co Bayden: “Erməni xalqının ağrı-acısını bölüşürəm”
Eyni zamanda Fleyk Menendezin “24 aprel tarixində keçirilə biləcək anım günündə iştirak edərsinizmi?”, - sualına da “bəli” deyə cavab verib.
Bundan əlavə Fleyk ölkəsinin Türkiyədəki səfiri olacağı təqdirdə, “S 400”lər məsələsində də sərt mövqe tutacağını bəyan edib.
Məsələnin təəssüf doğuran məqamları isə heç də az deyil.
1. Özünü “demokratiyanın beşiyi” adlandırılan ABŞ-da bu cür anti-demokratik vəziyyətin hər kəsin gözü önündə cərəyan etməsidir. Belə ki, bütün dünyaya demokratiya çağırışları edən, eyni zamanda həmin demokratiyanı avtoritar və totalitar rejimli olaraq gördüyü ölkələrdə tətbiq etmək üçün savaşan ABŞ-ın senatında senatorlardan birinə qeyd olunan vəzifəyə təyin olunmaq üçün açıq şəkildə təzyiqlər edilir.
2. Daha da təəssüf doğuran nüans isə, edilən təzyiqin heç bir hüquqi və tarixi əsası olmayan məsələ ucbatından baş verməsidir. Belə ki, hər hansı hadisənin soyqırım olaraq tanınması üçün BMT-nin bunu qəbul etməsi şərtdir və “erməni soyqırımı” ilə bağlı belə bir təcrübə mövcud deyil. Buna görə də, ABŞ senatında yol verilən bu hərəkət, nəinki demokratiyaya, eyni zamanda beynəlxalq hüquqa da ziddir.
3. Digər önəmli məqam isə, ABŞ kimi “dünyanın hegemonu” olduğunu iddia edən dövlətin senatında mühüm vəzifə tutan bir şəxsi mənafelərini dövlətin maraqlarından üstün tutmasıdır.
Amma eyni vəziyyət başqa ölkələrdə baş versəydi, Ağ Evdən hansı reaksiyanın gələcəyini təxmin etmək o qədər də çətin olmazdı.
Murad Əhmədov, Bizim.Media