Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ istehsal etdiyi Patriot hava hücumundan müdafiə sistemini Ankaraya satmaqdan imtina etdiyi üçün Rusiyadan S-400 raketlərini alıb.
Bizim.Media xəbər verir ki, bu açıqlamanı o, “The New York Times” qəzetinə verdiyi müsahibədə deyib.
"Düşünürəm ki, buna dəyərdi ... İstədiyimiz kimi müdafiəmizi gücləndirmək haqqımız var" deyə Ərdoğan vurğulayıb.
Eyni zamanda, Türkiyə lideri amerikalılarla münasibətləri "qorumağı" və "gücləndirməyi" vacib hesab edib.
Xatırladaq ki, 2018-ci ilin dekabr ayında Dövlət Departamenti Türkiyəyə Patriot hava hücumundan müdafiə sistemlərinin satışını təsdiqləyib. Müqavilənin dəyəri 3,5 milyard dollar olub, lakin o vaxta qədər Türkiyə artıq S-400-lərin tədarükü üçün müqavilə bağlamışdı.
Eyni zamanda, ABŞ Türkiyədən Rusiya sistemlərindən imtina etməyi tələb edib və son F-35 qırıcılarının satışını dayandırıb, hərbi sənaye kompleksinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
S-400 komplekslərinin tədarükünə dair razılaşma Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə anlaşılmazlığa səbəb olub. Hazırda rəsmi Moskva ilə ikinci bir alay kompleksinin tədarükü ilə bağlı müzakirələr aparılır.
Bizim.Media