Taksidə siqaret çəkən sürücü və sərnişinlərlə bağlı monitorinq keçiriləcək

Hazırda oxunan: Taksidə siqaret çəkən sürücü və sərnişinlərlə bağlı monitorinq keçiriləcək

39411

Azərbaycanda sərnişinləri narazı salan məsələlərdən biri də ictimai nəqliyyatda, xüsusən də taksilərdə sürücülərin siqaret çəkməsidir.  

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə əsasən, sərnişindaşımalar üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məmulatı çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə tətbiq edilir. 

N.Piriyev bildirib ki, adətən sərnişinlər özləri də sürücünün siqaret çəkməsinə etiraz edir və bu etiraz da taksidə siqaret çəkilməsi hallarını azaldır.  

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təəssüflə bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tez-tez pozulması hallarına rast gəlinir. 

“Milli Məclisin payız sessiyasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı bir monitorinq keçirəcəyik və onu da dinləməyə çıxaracağıq. Dinləmələrdə, həmçinin Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edəcək. Monitorinq zamanı qanunun icrasının hansı səviyyədə olduğunu müəyyən edəcəyik və bunu müvafiq qurumların nümayəndələri ilə müzakirə edəcəyik”. 

Taksidə siqaret çəkməyə görə cərimə sərnişinə də şamil edilir. Əgər sərnişin də taksidə siqaret çəkərsə, eyni məbləğdə cərimə tətbiq olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin