Bu gün II Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəmanımız Hətəmxan Məti oğlu Quliyevin ildönümüdür. Hətəmxan Quliyev 2020-ci il sentyabrın 29-da Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Bizim.Media-ya qəhrəmanımızın həyatından və döyüş yolundan danışan şəhidin xalası Şəfiqə Həsənova öz oğlunun da I Qarabağ savaşında şəhid olduğunu xatırladıb:
“Bu gün bacım oğlu Hətəmxan Quliyevi anırıq. Həm şəhid anası, həm də şəhid xalasıyam. Oğlum Mehman Elman oğlu Həsənov 1992-ci il Qarabağ uğrundakı döyüşlərdə şəhid olub. Şəhid olduğu gün qız övladı dünyaya gəlmişdi.
Acılarım dilə gəlməz dərəcədədir. Bir yandan da çox qürurluyam. Torpaqlarımızı azad edən oğullarımızın və şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bu günü onlara borcluyuq. Hətəmxanda döyüş ruhu yüksək idi. Fikri, düşüncəsi, amalı torpaqlarımızı geri qaytarmaq idi”.
Şəfiqə Həsənova şəhid bacısı oğlunun 44 gün nəşinin tapılmamasını ürəkdağlayan şəkildə ifadə edib:
“Hətəmxananın əvvəldən qapısı bağlandı. Hələ bir neçə il əvvəl Hətəmxan anası ilə avtomobil qəzasına düşmüşdü. Ana qəzada dünyasını dəyişdi. Ardınca atası və qardaşı dünyadan köçdülər. Ailədən yeganə xatirə olaraq Hətəmxan qalmışdı.
O da şəhidlik zirvəsinə ucaldı. Bacım oğlu Polad Həşimovla birgə aprel döyüşlərində də iştirak edib. İkinci Qarabağ savaşı başlayanda mənə zəng eliyib “xala narahat olma, torpaqlarımızı azad edəcəyik” dedi. Ölümündən bir gün əvvəl telefonda danışdıq.
Sanki ürəyimə dammışdı, ağladım. Məni sakitləşdirməyə çalışdı və qəfil ”sabah sizi sevindirəcəyəm” dedi. Ardınca isə “şəhid olsam, haqqınızı halal edin” dedi. Elə bil dünya başıma uçdu. Sentyabrın 30-u qara xəbərini aldıq. 42 gün isə nəşi Suqovuşanda qaldı, onu çıxarmaq mümkün olmurdu”.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Hətəmxan Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ailəli idi, övladı yoxdur.
Qəhrəmanımız II Fəxri Xiyabanda dəfn olunub. Bu gün şəhidimizin məzarını doğmaları, yaxınları və döyüş yoldaşları ziyarət ediblər.
Alçina Amilqızı, Bizim.Media