Yeni Azərbaycan Partiyası Anım Günü ilə əlaqədar bəyanat YAYDI

Hazırda oxunan: Yeni Azərbaycan Partiyası Anım Günü ilə əlaqədar bəyanat YAYDI

39018

Yeni Azərbaycan Partiyası (YAP) 27 Sentyabr- Anım Günü ilə əlaqədar bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bəyanat Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı və İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi üzvlərinin iştirakı ilə keçirilən Anım Gününə həsr olunmuş konfransda qəbul edilib. 

Bəyanatda deyilir:

“Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin şərəf və mübarizlik simvoluna çevrilən İkinci Qarabağ - Vətən müharibəsinin başlanmasından 1 il ötür. Şübhəsiz ki, Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və Ordumuzun gücü sayəsində qazanılmış parlaq Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün deyil, eyni zamanda, tarixi ədalətin və milli ləyaqətin bərpasıdır.
 

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən respublikamızda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılır, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstərilir.


Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi qüdrətli Azərbaycan Ordusunun Zəfər yürüşünə çevrilmişdir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatının həyata keçirilməsi, döyüş meydanında möhtəşəm qələbə qazanılması sayəsində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunmuşdur. Azərbaycan öz milli gücü və hərbi-siyasi qüdrəti ilə BMT-nin 4 qətnaməsinin döyüş meydanında icrasına müvəffəq olmuşdur.

Bu tarixi Qələbə ilə Azərbaycan xalqı düşməndən qisas almış, şəhidlərimizin qanı yerdə qalmamışdır.
 

Bu gün öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaratmışdır. Məğlub Ermənistan isə 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın bütün müddəalarını - tələblərini zamanında, tam və qeyd-şərtsiz yerinə yetirməlidir.


Bununla yanaşı, Ermənistan konstruktiv mövqedən çıxış edərək təxribatlardan çəkinməli, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar öz üzərinə düşən işləri görməli, o cümlədən mina xəritələrini ölkəmizə təqdim etməlidir.

Yeni Azərbaycan Partiyası beynəlxalq ictimaiyyəti, tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını bölgədə sülhün, sabitliyin və ədalətin təmin olunması naminə Ermənistanın terrorizm, hərbi cinayət, mina xəritələrini Azərbaycana təqdim etməməsi əməllərinə görə hüquqi məsuliyyətə cəlb edilməsi üçün lazımi addımları atmağa çağırır.

Regionun inkişafı sabitlikdən, bölgə dövlətlərinin konstruktiv münasibətlərindən asılıdır.

Azərbaycan Respublikasının aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq bundan sonra da regionda sülh, təhlükəsizlik və əməkdaşlıq ideyalarına sadiqlik nümayiş etdirəcək, bu istiqamətdə real və fəal təşəbbüslərlə çıxış edəcəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin