22 illik ömür tarixçəsi Zəngilanda qürurlandı. Amma azadlığa qovuşdurduğu bütün torpaqlarda onun da qanı var...
Bu gün Bakı küçələrində vətəni düşmən tapdağından təmizləyərkən ifaları ilə salamlayan şəhid gizir Xudayar Yusifli də addımlayırdı... Zəfərə tələsən, milli qürurumuzu Şuşada dalğalandırmağa can atan XUDAYARIMIZ...
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Şəhidlərimizi qəlbimizdə əbədi saxlayacağıq”
- Xudayar, yerin rahatdır?
- Gecədən üşüyürəm. Həyəcandan... Özümə yer tapa bilmirəm. Uşaqlıqdan arzuladığım anın qürurunu yaşayıram. Zəfər yolumuza çıxdığımız ilk günü necə rahat ola bilərəm? Düşmənin başını əzməyə tələsdiyimiz şərəfimizin tarixi gününü seyr etməyim deyirsiz? Səhərdən Bakı küçələrindən keçirəm. Qulağıma ifa etdiyim musiqilərimin zümzümə səsləri gəlir. Addımladığım yüksəklikdən həm göz yaşları, həm də sevinc izləyirəm. Çox xoşbəxtəm...
- Biz də səninlə qürur duyuruq. Özün də mahnın da dastana və tarixə dönüşdü. İndi hər kəsin dilində döyüşdə oxuduğun “Vətən yaxşıdır” musiqisi əzbərlənib. Bilirsən?
- Həə, xəbərim var. Anam məni görməyə gələndə demişdi. Çox xiffət çəkir, baxıb üzülürəm. Deyir geriyə qoyduğun o video ilə təsəlli tapıram, mahnılarına bürünüb gözümü yuxuya verirəm. İfamı isə hər kəs sevir və zümzümə edir. Heç bilməzdim bu qədər dillərdə dastan olaram. Zəngilanda döyüş dostlarımla bir qədər dincəlmək istədik. Qarnımızı doyurandan sonra yoldaşlarıma döyüş ruhu vermək üçün bu musiqini ifa etdim, həm də telefonumun yaddaşına həkk etdim. İndi isə baxıram ki, hər kəsin telefonunda bu video var. Sevincimi təsəvvür etməssiz...
- Bərdə 1 saylı uşaq musiqi məktəbinin xanəndəlik ixtisasını bitirmişdin. Məlahətli səsin də vardı. Arzun musiqiçi olmaq idi?
- Həə, müəllimlərim də deyirdi ki, məlahətli səsim var. Amma mən hərbçi olmaq üçün yanıb-tutuşurdum. Hərbi xidmətimdən sonra kiçik gizir rütbəsi aldım və sərhədlərimizin keşiyində dayanmağa getdim. Özümü tanıyandan arzum torpaqlarımızı o parazitlərdən almaq, Qarabağın incisi, baş tacı Şuşanı görmək, “Şuşanın dağları” mahnısını da orada oxumaq idi. 9 yaşımda da bu mahnını ifa etmişdim. Qismət deyilmiş...Heyf ki, Şuşaya gedib çatmadım...Amma rahatam Anam, doğmalarım və sizlər Şuşanı görəcəksiziniz. Orada dalğalanan bayramığımızı öpüb qucaqlayacaqsınız... Mən isə bütün bunları seyr edəcəyəm.
- Atanla görüşmüsən? Səni tanıdı?
- Bir yerdəyik. Heç ayrılırıq ki? Nənəm deyirdi ki, atam mən doğulandan 24 gün sonra dünyasını dəyişmişdi. Nə mən, nə də o, bir-birimizi görməmişdik. Nənəmin mənə göstərdiyi şəkillərdən üzü yadımda idi. Özüm tapdım atamı... Sorağım ona da da gedib çatmışdı. Görəsən “Xudayar dedikləri mənim oğlumdurmu” deyə hər gün o da axtarırmış məni...Görüşəndə o qədər ağlamışdı ki, qoxumu içinə çəkməkdən doymurdu. “Qəhrəmanım, atasının igidi” deyə hər kəsə məndən danışır. Dövlətimdən sonra atamın da ən gözəl hədiyyəsi Azərbaycan bayrağı oldu... Mən isə ona “Şuşanın dağları” mahnısını ifa etdim. Noyabrın 8-də isə atamla, mahnılarım və hədiyəmlə Şuşa dağlarına çıxacağıq... Atamın verdiyi bayrağı Şuşada öz əllərimlə dalğalandıracağam.
Alçina Amilqızı, Bizim.Media