44 günlük II Qarabağ müharibəsi QÜRUR verən rəqəmlərdə - ARAŞDIRMA

Hazırda oxunan: 44 günlük II Qarabağ müharibəsi QÜRUR verən rəqəmlərdə - ARAŞDIRMA

38941

Bu gün – 27 sentyabr tarixində 44 günlük Vətən Savaşının başlamasından 1 il ötür. 27 ilə yaxın davam edən erməni işğalına son qoyulmasına başlanıldığı bu gündən etibarən Azərbaycan ordusu intensiv əks-hücum əməliyyatları nəticəsində 44 gün ərzində yüzlərlə yaşayış məntəqəsini düşməndən azad edib.

Bizim.Media-nın araşdırmasına görə 44 gün ərzində işğaldan azad olunan yaşayış məntəqələrinin sayı bu cürdür:
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Şəhidlərimizi qəlbimizdə əbədi saxlayacağıq”


1. 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa) 

2. 4 qəsəbə (Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz və Xocavənd rayonunun Hadrut qəsəbəsi)

3. 286 kənd (Cəbrayıl rayonunun 90, Füzuli rayonunun 53, Zəngilan rayonunun 52, Xocavənd rayonunun 35, Tərtər rayonunun 3, Qubadlı rayonunun 41, Xocalı rayonunun 9, Laçın rayonunun 3 kəndi)

Yaşayış məntəqələrindən əlavə Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılması razılaşdırılıb. 

Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.
Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.
Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.
Ermənistan tərəfinin itkiləri gizlətməsi səbəbindən dəqiq statistika məlum olmasa da, ümumilikdə düşmənin 10 mindən çox hərbiçisinin məhv edildiyi ehtimal olunur.

Lakin Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 24-də mətbuata verdiyi açıqlamada ölkəsinin 3773 nəfər itki verdiyini bildirib. Bundan əlavə 243 erməni hərbçisinin taleyi isə hələlik məlum deyil. Ümumilikdə isə, 10 noyabrdan bu günə kimi, Qarabağ ərazisində 1669 erməni hərbçinin meyiti tapılıb. 44 gün ərzində erməni ordusundakı fərarilərin sayının isə 10 min nəfərdən çox olduğu bildirilir.

Ermənistan ordusunun məhv edilmiş və ya qənimət olaraq götürülmüş hərbi texnikalarının ümumi dəyərinin 10 milyard dollardan çox olduğu güman edilir. Lakin İrəvan rəsmiləri tərəfindən müxtəlif vaxtlarda verilən açıqlamalarda bu rəqəm 3-4 milyard dollar göstərilib.
 

Müstəqil araşdırmaçıların dərc etdiyi məlumatlarda isə, Ermənistan ordusunun arsenalının 65-70%-nin məhv edildiyi qeyd olunub.  


2020-ci il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı Ermənistan ordusunun itirdiyi hərbi texnikaların siyahısını bu cür təqdim edib:

“Tank əleyhinə vasitələr - 53 dənə, “Smerç” - dörd dənə, “Qrad” - 97 dənə, “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası - 1 dənə, “TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa” zenit-raket kompleksi - 40 dənə, “KUB” zenit-raket kompleksi - 4 dənə, “KRUQ” zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə”.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarının siyahısı isə belədir:

“Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb”.
 

Bu Böyük Zəfər 2907 şəhid hərbçimizin, 7 nəfər itkinimizin, minlərlə qəhrəman qazi və əsgərlərimizin canları və qanları bahasına başa gəlib.


Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi və xalqın birliyi nəticəsində bu gün daha vüqarla “Qarabağ Azərbaycandır!” deyə milli dövlətçiliyimizi yaşadırıq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin