ABŞ-dakı azərbaycanlılar etiraz aksiyası keçirdilər

Hazırda oxunan: ABŞ-dakı azərbaycanlılar etiraz aksiyası keçirdilər

38746

ABŞ-ın Nyu-York ştatında yaşayan soydaşlarımız Manhetten adasında, BMT-nin Baş Qərərgahı qarşısında “Azad olunmuş əraziləri minalardan azad et” tələbi ilə etiraz aksiyası keçiriblər.

Bizim.Media xəbər verir ki, əllərində Azərbaycan bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar və qərənfillər olan yüzlərlə həmvətənimiz BMT-nin önündə toplaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Niderlandda İran əleyhinə etiraz aksiyası keçirildi - FOTO


Aksiyada Azərbaycanın dövlət himni səsləndirilib, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

ABŞ-da təhsil alan azərbaycanlı gənclər və dərnək rəhbərləri çıxışlarında BMT-nin Ermənistanın işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təhvil verməməsinə səssizlik nümayiş etdirdiyini bildiriblər.

Həmin ərazilərdə ermənilərin basdırdığı minaların partlaması nəticəsində bu günə qədər yüzlərlə günahsız insanın faciəvi şəkildə həyatlarını itirdiyini vurğulayan natiqlər ABŞ ictimaiyyətini Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlər - Məhərrəm İbrahimov və Sirac Abışov haqqında məlumatlandırıblar. 
​​​​​​​

Çıxışlarda habelə beynəlxalq hüququn normalarını pozan Ermənistanın Azərbaycan torpaqlarında törətmiş olduğu cinayət əməllərindən danışılıb, beynəlxaq təşkilatdan ədalət tələb edilib. 


BMT-dən onun Azərbaycanla bağlı qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımların atılması tələb olunub.

Ərazidən keçən diplomatlar və vətəndaşlar həmvətənlərimizə yaxınlaşaraq, baş verənlər haqqında məlumat alıblar.

Tədbirin sonunda azərbaycanlı musiqiçilərin ifasında "Qarabağ şikəstəsi" səsləndirilib.

ABŞ polisinin nəzarəti altında iki saat davam edən aksiya insidentsiz başa çatıb (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin