Yanvarın 1-dən icbari tibbi sığorta haqları toplanacaq

Hazırda oxunan: Yanvarın 1-dən icbari tibbi sığorta haqları toplanacaq

3870

2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta haqlarının toplanılması nəzərdə tutulub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən Bizim.Media-ya açıqlama verilib.

Qeyd olunub ki, icbari tibbi sığortanın ölkə üzrə 3 mərhələdə tətbiq edilməsi nəzərdə tutulub.

Birinci mərhələdə, 2020-ci il yanvarın 1-dən etibarən Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilib. Sözügedən inzibati ərazilərin sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən dövlət vəsaiti hesabına istifadə edirlər.

İkinci mərhələdə, 2021-ci il yanvarın 1-dən 36 şəhər və rayon - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulacaq.

Üçüncü mərhələdə, 2021-ci il aprelin 1-dən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcək.
Qeyd olunub ki, ölkə üzrə bütün vətəndaşlar icbari qaydada sığortalanacaq.

Sığorta olunanlar icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və Xidmətlər Zərfi çərçivəsində tibbi yardım alacaqlar.

Bildirilir ki, 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına icbari tibbi sığorta haqqı ayrılır.

Sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat  ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib.

Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Bu isə o deməkdir ki, vətəndaş aylıq olaraq 8500 manat əməkhaqqı alırsa 8000 manatın 2%-i, qalan 500 manatın isə 0.5%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2022-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləyən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqının müəyyənləşdirildiyi bildirilir.

İşsiz şəxslərə gəlincə isə, agentlikdən bildirilir ki, işsiz kimi qeydiyyatda olan şəxslər dövlət büdcəsi hesabına sığortalanacaq.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin