"Azərbaycan Hava Yolları"nın (AZAL) Pilotların Hazırlığı Mərkəzində "Embraer E-190" tipli təyyarələrində uçuşların simulyasiyası üçün yeni təlim trenajor kompleksi quraşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni trenajor kompleksi Azərbaycan Milli Aviadaşıyıcısının pilotlarına xaricə getmədən ölkəmizdə hazırlıq keçmələrinə imkan verəcək.
Trenajor kompleksinin istehsalçısı Amerikanın məşhur istehsalçısı olan "FlightSafety International" şirkətidir.
"FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator" tipli yeni trenajor kompleksi MAA-da quraşdırıldıqdan sonra, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən uğurla sertifikatlaşdırılaraq trenajorlar üçün ən yüksək "D" səviyyəsinə uyğun olduğu təsdiqlənib.
Kompleksdə təkcə Azərbaycan pilotları deyil, xarici aviaşirkətlərin pilotları da təlim keçəcəklər.
"EMB190-100" tipli trenajor vasitəsilə uçuş zamanı təyyarənin kabinəsi, uçuş dinamikası və ətrafın görünmə dərəcəsi real həyatda olduğu kimi əks olunur.
Bu, pilotlara təlimi uğurla başa vurduqdan sonra yeni tip hava gəmiləri üçün lisenziya almağa və ya yenidən hazırlıq keçməyə imkan verir.
"AZAL" yeni "Embraer E-190" tipli hava gəmisi üçün uçuş trenajorunda ekipajın təlimi ilə bağlı videoçarx hazırlayıb:
Bizim.Media