“Lugarın Gürcüstandakı laboratoriyası Rusiya üçün çox yüksək risklər yaradır”.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Rospotrebnadzor”un rəhbəri Anna Popova yayıb.
"Birincisi, yerləşdiyi məkan ölkəmizə çox yaxındır. İkincisi, bu, mənim fikrimcə, bioloji və epidemioloji suverenliyini itirmiş bir ölkədə baş verir. Təbii ki, bunlar bizim üçün çox yüksək risklərdir". Popova NTV kanalının efirində Gürcüstandakı Lugar laboratoriyası ilə bağlı suala belə cavab verib.
2019-cu ildə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ın Rusiyaya bitişik ölkələrdə - Gürcüstan, Ukrayna və digərləri də daxil olmaqla, dünyada 200-dən çox bioloji laboratoriya istifadəyə verdiyini söyləyib.
Rusiya tərəfi dəfələrlə Pentaqonun "biomedikal laboratoriyalarını Rusiya sərhədlərinin yaxınlığında yerləşdirmək" fəaliyyətindən narahatlığını dilə gətirib.
2015-ci ildə Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Tbilisi ətrafındakı "Lugar İctimai Sağlamlıq Araşdırma Mərkəzi" ABŞ Ordusunun Tibbi Araşdırma Bölməsi kimi qeydiyyata alınıb.
Moskvanın fikrincə, Amerika və Gürcüstan səlahiyyətliləri xüsusilə təhlükəli yoluxucu xəstəlikləri araşdıran ABŞ Ordusunun hərbi hissəsinin fəaliyyətinin əsl məzmununu və istiqamətini gizlətməyə çalışır.
Gürcüstan tərəfi qorxuları yersiz hesab edir və laboratoriyanın yalnız elmi araşdırmalarla məşğul olduğunu deyir.
Bizim.Media