44 günlük II Qarabağ Savaşında dost-düşməni tanıdıq demək, bir az ritorik səslənir. Amma siyasət və diplomatiyada nələrin ola biləcəyinin isti-isti hal şahidi olduq. Zəmanə nə qədər dəyişib, texnologiya nə qədər inkişaf etsə də müəyyən dəyər və qaydalar var ki, onları pozanda ilahi ədalət pozulmuş olur.
Təbii ki, söhbət bu savaşın bizim üçün ikinci anti-qəhrəmanı olan Fransadan gedir.
Fransanın Minsk Qrupunun həmsədr ölkəsi kimi öz üzərində düşən bitərəf münasibəti pozması hələ müharibənin ilk günündən müşahidə olunmaqda idi. Dünyanın önəmli siyasi və hərbi gücə malik bir ölkəsinin Qarabağ münaqişəsində bu dərəcədə fəallaşması hər kəsdə haqlı şübhələr yaratmışdı.
Qafqazda istər iqtisadi, istərsə də hərbi cəhətdən Azərbaycanın lider ölkə olması məlumdur. Son illər Avropa ölkələrinin enerji təhlükəsizliyində böyük rol oynayan Azərbaycan qoca qitədə, həmçinin Fransada böyük nüfuza malikdir.
Eləcə də iki ölkə arasında böyük iqtisadi sövdələşmələr mövcuddur. Amma 44 günlük müharibə dövründə Fransanın bütün məntiq qanunlarına əks olaraq Ermənistan tərəfdən çıxış etməsi sual doğurur.
Əcəba...?
Görəsən əhalisi 3 milyonu keçməyən, regionun geridəqalmış, iqtisadi olaraq çökmüş ölkəsinə dəstək olmaqla Fransa nəyə nail olmaq istəyirdi? Fransanın bu addımı ağlı başında, düşünülmüş bir gediş idi, yoxsa... ?
1. Ondan başlayaq ki, Fransa Senatının qərarından sonra Fransanın Azərbaycandakı səfiri elan edir ki, Senatın qərarı heç də hər şey demək deyil.
Əsas olan müraciətin Fransız höküməti tərəfindən qəbul edilməməsidir. Sual olunur, əgər ali qanunverici orqan kimi Senat varsa və orada qərar qəbul edilir, amma nəzərə alınmırsa, o zaman o qurumun varlığına nə ehtiyac var?
2. Digər tərəfdən Fransanın Ermənistandakı səfiri Conatan Lakot Senatın qərarını dəstək nümayiş eitdirib və hətta bunu “Avropa dəyərinin” bir hissəsi adlandırıb.
Azərbaycandakı səfir Zakari Qross isə Senatın qərarının hökümətin qərarı olmadığını və hər hansı narahatlığa ehtiyac olamdığını bildirib. İndi sual olunur, bu iki səfirdən hansı yalan danışır? Əks halda Fransanın Azərbaycandakı və Ermənistandakı səfirlərinin eyni hadisə ilə bağlı fərqli bəyanatlarını necə izah etmək olar?
3. Oxşar biabırçı açıqlamalardan birini də hələ müharibə dövründə Fransanın Xarici İşlər Naziri vermişdi.
Makronun Ermənistanı dəstəkləməsinə qarşı çıxan nazir, bunun da Fransa hökümətinin mövqeyi olmadığını bildirmişdi. Bir ölkənin prezidentinin mövqeyi necə ola bilər ki, o ölkənin hökümətinin mövqeyi olmasın? Makronun fransızlar üçün ciddi qəbul edilmədiyi açıq həqiqət idi, amma hökümət daxilində ona bu cür münasibət sanki bir az artıq oldu.
4. Bu təbii olaraq Avropa üçün təhlükəli tendensiyalara gətirib çıxara bilər.
Hələ bir neçə il əvvəl ABŞ prezidenti Donald Tramp Avropadakı müttəfiqlərinə daha onları Amerika əsgərlərinin qorumayacağını xatırlatmışdı.
Əgər Avropa Rusiya təhdidindən qorunmaq istəyirdisə, zəhmət çəkib ABŞ hərbi bazalarının xərclərini qarşılamalı idi. Artıq ABŞ-ın əlinin üzərlərindən çəkiləcəyi qorxusu Avropanı öz daxilindəki güclü ölkələrə yönəltmişdi. Britaniya özünü Brexitlə kənara çəkmiş, Almaniya isə dünya müharibələrindən bəri ciddi orduya malik olmamışdı. Haqlı olaraq bütün gözlər Fransaya çevrilmişdi.
Bu gün Avropaya hərbi dəstək dura biləcəyini idda edən Fransa səhəri gün belə bir şey olmadığını deyib üzümüzə də dura bilər.
Bu dəfə də müdafiə naziri çıxıb prezidentin mövqeyinin ordunun mövqeyi olmadığını deyər və fransızlar üçün hər şey öz yoluna düşər.
Görsən Ermənilər necə düşünür? Növbəti günlərdə Makron və ya Fransa höküməti Azərbaycanın maraqlarını ifadə edən bəyanat versələr necə olacaq?
Bu məsələnin arxasındakı düyünü açarkən Fransanı gözümüzdə çox şişirtdiyimizin də fərqinə varmış oluruq.
Görünür, Avropa ölkələrinin də bu “etimadı” Fransanın gözlərini o qədər qamaşdırıb ki, hətta Qarabağ münaqişəsini tək başına həll edə biləcəyini düşünüb.
Lakin Fransanın naşı diplomatiyası əlini ayağına dolaşdırmaqdan başqa işə yaramayıb. Fransa özünü ABŞ-a bənzətməyə çalışır və kənardan özünü boyundan daha yüksəyə tullanmağa oxşayır.
Fransanın reallığı görməsi yəqin ki, çox uzun müddət çəkməyəcək. Ona görə ki, Qafqazda etmiş olduğu strateji xətası irəlidəki illərdə Azərbaycanla əməkdaşlığında da öz sözünü deyə bilər.
Anar Tahirov, Bizim.Media, Baş redaktor
- A-
- A
- A+
Dünya
14:18 / 28.11.2020
Diplomatiyanın fransız əxlaqı
Hazırda oxunan: Diplomatiyanın fransız əxlaqı
Hazırda oxunan: Diplomatiyanın fransız əxlaqı
3746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.