Mədəniyyət naziri Anar Kərimov G20 Sammiti çərçivəsində İtaliyada keçirilən Dinlərarası Forumla bağlı Bolonyada səfərdədir.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, A.Kərimov səfər zamanı BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos və İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə birgə “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası ilə bağlı üçtərəfli görüş keçirib.
Görüşdə Azərbaycanın yeni təşəbbüsü olan “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının beynəlxalq sferada uğurla həyata keçirilməsi, BMT sistemində onun təbliği, eyni zamanda islam ölkələri və İslam Əməkdaşlıq Təşkilatına daxil olan müxtəlif təşkilatlar vasitəsilə təşviqinə dair müzakirələr aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Nazir videoformatda vətəndaşların qəbulunu keçirdi - FOTO
Həmçinin, görüşdə “Bakı prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və bu çərçivədə Azərbaycanla həm BMT-nin Sivilizasiyalar Alyansı, həm də İCESCO ilə birgə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Nazir Anar Kərimov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasına Prezident İlham Əliyev tərəfindən yüksək dəstəyin ifadə olunduğunu və bu istiqamətdə Mədəniyyət Nazirliyinə konkret tapşırıqların verildiyini diqqətə çatdırıb.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos iyun ayında ölkəmizə səfəri zamanı Azərbaycanda ona göstərilən yüksək qonaqpərvərliyə görə təşkilat adından təşəkkürünü bildirib, Prezident İlham Əliyevlə keçirilən görüşü xatırladaraq, müzakirələr zamanı bu istiqamətdə müxtəlif ideyaların irəli sürüldüyünü diqqətə çatdırıb.
İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu qlobal layihəyə təşkilat tərəfindən də böyük önəm verildiyini vurğulayıb, hətta layihənin təsis olunduğu tədbirdə təqdim olunan videomüraciətində təşkilat olaraq layihəyə dəstəyin ifadə olunduğunu xatırladıb.
Bizim.Media