Şamaxı şəhərində “Mentorun 48 saatı” adlı “Bootcamp” tədbirinə start verilib.Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə reallaşdırılıb.
Bizim.Media xəbər verir ki, tədbirdə bir sıra rəsmilərlə yanaşı bəzi universitetlərin rektorları da iştirak edib.Tədbirin birinci günüdə, həmçinin “Hər şey gələcək üçün!”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları” mövzusunda təlimlər və film saatı təşkil olunacaq.
Tədbirin ikinci günündə ASAN xidmətin sədr müavini Ceyhun Salmanov ilə görüş, “Mentorluq, texnika və mexanizmləri”, “İdeyadan innovasiyaya” mövzusunda təlimlər, “EduTech” panel müzakirəsi, eyni zamanda Şamaxı Safari Parkına tur nəzərdə tutulur.
Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.
Bizim.Media