“Cənab Prezident İlham Əliyevin göstərişi və təlimatlarına uyğun olaraq Azərbaycanın işğaldan azad edilən ərazilərində geniş miqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Prezidentimizin də söylədiyi kimi, Azərbaycan dövlətinin istəyi ondan ibarətdir ki, bizim məcburi köçkünlərin ən tez bir zamanda öz torpaqlarına təhlükəsiz formada qayıtması təmin edilsin”.
Bizim.Media xəbər verir ki, bu açıqlamanı “HaberGlobal”a müsahibəsində Füzuli Beynəlxalq hava limanın açılışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya MN-in Azərbaycana təxribatı ilə bağlı XİN-dən AÇIQLAMA
H.Hacıyev Ermənistanın yenidən silahlanmağa başlaması ilə bağlı iddiaları da cavablandırıb.
Azərbaycan Prezidentinin müşaviri bildirib ki, əgər bu hərəkətlənmə revanş məqsədi ilə edilirsə, tarixi səhv ilə başa çatacaq:
“Ermənistanın bu gün öz qonşuları ilə sülh içində yaşamasına ehtiyacı var. Biz Ermənistanın silah əldə etməsinə və digər bu kimi fəaliyyətlərinə özü-özünə bir təsəlli vermək kimi qiymətləndiririk. Əgər Ermənistanda kimlərsə revanş barədə düşünəcəksə, bu, onların növbəti tarixi səhvi olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir və bundan sonra da öz sərhədlərini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək”.
H.Hacıyev öz müsahibəsində Zəngəzur dəhlizi barədə də danışıb və bildirib ki, Ermənistan bütün məsələlərdə olduğu kimi bu məsələnin həllinə də məntiqsiz yanaşır.
“Zəngəzur dəhlizinin açılması 10 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmanın tərkib hissəsidir. Bu xüsusda Ermənistanın öhdəlikləri var. Təəssüflər olsun ki, biz Ermənistanda bu mövzu ilə əlaqədar rasional deyil, əksinə qeyri-rasional və məntiqsiz fikirlərin səsləndirildiyinin şahidi oluruq”, - deyə H.Hacıyev vurğulayıb.
Bizim.Media