Fransanın cinayətləri: Holokostdan Afrikaya uzanan qaranlıq tarix

Hazırda oxunan: Fransanın cinayətləri: Holokostdan Afrikaya uzanan qaranlıq tarix

3542

“Washington Post” bu ilin yanvarında Əlcəzair mənşəli fransız jurnalisti Nabila Ramdaninin maraqlı məqaləsini dərc edib.

“Fransa Əlcəzairdə özünün qaranlıq tarixi ilə üzləşməlidir. Hələ ki, gec deyil” sərlövhəli yazıda fransızların təkcə Afrikada törətdikləri cinayətlər deyil, həm də II Dünya müharibəsi dövründə nasist Almaniyası ilə əməkdaşlıq edən kollaboraniostlərin yəhudiləri toplama düşərgələrinə göndərmələri barədə faktlar əks olunub.

Bu dəhşətli faktları 1995-ci ildə Fransanın mərhum Prezidenti Jak Şirak da etiraf etmişdi.

Amma bu gün Türkiyə və Azərbaycana qarşı ittihamlar irəli sürən Fransanın müharibə cinayətlərinin tarixi daha qədim, coğrafiyası isə olduqca genişdir. Separatçı erməniləri və işğalçı Ermənistanı dəstəkləyən fransız Senatı isə, ilk növbədə, bu əməllərə siyasi qiymət verməlidir.

XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən Fransanın II Dünya müharibəsindən əvvəl işğal etdiyi ərazilər 13,5 milyon kvadrat kilometr olub. Öz ərazisindən 20 dəfə böyük bir coğrafiyada talançılıq və qətllər törədən bu dövlətin imperiyanı bərpa etmək xəyalları isə hələ də qalır.

Afrikada fransız müstəmləkəçiliyi

Uzun əsrlər boyu Afrikanın 20-dən artıq ölkəsində öz hakimiyyətini quran fransızların müstəmləkə siyasəti II Dünya müharibəsindən sonra iflasa uğradı. Həmin dövlətlərə müstəqillik verməyə məcbur olan Fransa neokolonializm üsul-idarəsini seçdi.

Afrika ölkələrini əlindən buraxmaq istəməyən fransızlar yeni metodlara əl atdılar: həmin dövlətlərin ərazilərində münaqişələr yaratmaq və öz qoşunlarını “sülhməramlı missiya” adı ilə yerləşdirmək. Hazırda Fransa Afrika, xüsusən Sahil regionu ölkələrinin əksəriyyətində siyasi, iqtisadi və mədəni sahələrdə təsirini artırır, Qırmızı dənizdə mövqeyini qorumaq üçün Cibutidə, habelə Sahil regionunun Çad, Mali, Qabondan tutmuş Seneqala qədər uzanan ərazidə hərbi bazalarını qoruyub saxlayır. Əsrlər boyu fransızları rifah içində yaşadaraq özləri səfalətə və aclığa məhkum olmuş Afrika xalqları bu faktın qarşısında hələ də acizdir.

Fransanın Afrikada neokolonializm siyasəti iki amilə söykənir; əvvəla, həmin ölkələrin rəsmi və tədris dilinin fransızca olması, ikincisi, məcburi təhsilin tətbiqi. Qitədə fransız dilində danışanlar seçilir və onlar “frankofon” adlanır. Hətta Beynəlxalq Frankofon Təşkilatı kimi bir təsir vasitəsi də yaradılıb. Təkcə rəsmi dili fransızca olan ölkələr deyil, eyni zamanda, Mərakeş, Əlcəzair və Mavritaniyada da bu metodlar öz “bəhrəsini” verib.

Fransanın Afrika siyasətinə etirazlar artır

Qeyd etdiyimiz kimi, fransız neokolonializmi hərbi güclə yanaşı, dil və təhsil amilinə söykənir. Bu siyasətə qarşı çıxanlar isə, əsasən, Osmanlı imperiyasının tərkibində olmuş ölkələr, habelə İslam dininin hakim olduğu xalqlardır. Məsələn, Şimali Afrikada artıq Fransanın heç bir təsiri qalmayıb.

Belə olan təqdirdə Fransa müsəlman birliyinin pozulması, İslam ölkələri arasında ziddiyyətlər yaradılmasına çalışır. Digər tərəfdən, Fransanın dövlət başçısı Makron israrla sözügedən coğrafiyada ölkəsinin mövqeyini itirmək istəmir və daha sərt bəyanatlarla çıxış edir. Əlbəttə, “bumeranq effekti” də özünü göstərir.

Ekspertlər iddia edirlər ki, Fransanın hələ 1945-ci ildən bəri Afrikada Fransız Müstəmləkələri Frankı (CFA) adlı pul vahidi bu gün də tədavüldədir. Bu valyutaya qarşı çıxan Afrika ölkələrinin liderləri isə korrupsiyada ittiham edilərək həbs olunur, yaxud süni iğtişaşlar təşkil edilir. Liviyanın keçmiş lideri Muammər Qəddafinin faciəli taleyi də məhz bununla əlaqədardır.

Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin də səbəbi CFA-ya alternativ yaratmaq cəhdləridir. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Qitədə aclıq və səfalətin, kütləvi emiqrasiyanın səbəbi də CFA-dır. Lakin ondan vaz keçmək Afrika ölkələri üçün heç də asan deyil.

Cari ilin iyulunda Qərbi Afrika İqtisadi Birliyinə (ECOWAS) üzv olan 15 ölkə bu pul vahidindən imtina edəcəyini açıqlayıb, lakin Fransa buna qarşı yeni münaqişə ocaqları yaratmaq siyasətini davam etdirir.

Təsadüfi deyil ki, indiyədək qitə ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür.

Bütün bu baş verənlərin fonunda Fransanın siyasətinə qarşı etirazlar da artır. Seneqalın sabiq xarici işlər naziri Dudu Tiam deyib: ”Daha bəsdir! Biz fransızların nəzarəti altında yox, real müstəqillik istəyirik”.

Bu etirazlara qarşı Fransa Prezidenti Makronun ötən ilin dekabrında NATO-nun Zirvə görüşündə Afrika liderlərini hədələməsi isə vəziyyəti daha da gərginləşdirib, Seneqal, Mali, Niger və Fildişi Sahili prezidentləri ona kəskin etirazlarını bildiriblər. Bundan sonra Fransanın həmin ölkələrdəki hərbi bazalarının qarşısında etiraz aksiyaları keçirilib.

Fransanın müharibə cinayətləri

Qərb analitikləri yazırlar ki, Fransa müstəmləkə ölkələrinin hamısına səfalət və faciə gətirib. Belə ki, Afrika ölkələrində müstəqillik uğrunda gedən müharibələrdə 2 milyondan çox insan həlak olub. Təkcə Əlcəzairdə fransız ordusu 1 milyondan çox insanı qətlə yetirib. Hazırda Fransanın bu ölkədə törətdiyi soyqırımına dair rəsmi Parisə təzyiqlər artır, imzatoplama kampaniyaları davam edir.

Fransanın daha bir qanlı izi Ruandadadır. 1994-cü ildə fransızlar bu ölkədə “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Bundan cəsarətlənən digər yerli münaqişə tərəfinin də iştirakı ilə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parislə siyasi böhrana səbəb olmuşdu.

Bundan başqa, Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çoxlu sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərə səbəb olub.

Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu cür qaranlıq tarixə malik olan Fransanın qondarma “erməni soyqırımı” ittihamlarına cavabını xatırlatmaq yerinə düşər: “Eazrməni məsələsi və terrorla mübarizə adı altında Türkiyəyə insan haqları və demokratiya dərsi verənlərin qanlı keçmişi olduğunu görürük. İyirmi beş il əvvəl Ruandada 800 min insanı qətlə yetirənlərin kimlər olduğu aşkardır. Əlcəzairdə yüz minlərlə insanı qətlə yetirən və soyqırımı törədən də Fransadır”. (AzərTac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin