"Zəfər Yolu"nun inşası tamamlanır - DETALLAR - FOTO

Hazırda oxunan: "Zəfər Yolu"nun inşası tamamlanır - DETALLAR - FOTO

35343

Tikintisinə 10 ay bundan öncə başlanılmış “Zəfər Yolu”nun sentyabr ayı ərzində 2 hərəkət zolaqlı olmaqla asfaltlanmasının yekunlaşdırılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

Hazırda yol boyu son tamamlanma işləri icra edilir. Belə ki, “Zəfər Yolu” boyu layihəyə uyğun olaraq artıq qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla və bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrdə layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri həyata keçirilərək yekunlaşdırılıb.
 

Son mərhələ üzrə yolda asfaltlanma işləri aparılır ki, artıq 31 km-lik hissədə 2 lay, 61 km-lik hissədə isə 1 lay olmaqla ümumilikdə 92 km-lik hissə asfaltlanıb. Digər hissələrdə bu çərçivədə işlər davam etdirilir.


Yeni inşa edilən yol boyunca layihəyə uyğun 4 yeni avtomobil körpüsünün inşası yekunlaşdırılıb.

Körpülərin uzunluqları 45, 80 və 90 metr olmaqla yolun 26,9-cu, 37,2-ci, 37.5 və 57,3-cü kilometrlik hissələrində inşa edilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunub.

Bundan başqa layihə çərçivəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli 166 dairəvi boru və 11 düzbucaqlı su keçidi, həmçinin 120 km-ə yaxın beton küvetlər tikilib, 82 drenaj quyusu qazılıb, 5,6 km uzunluğunda müxtəlif diametrli drenaj borular çəkilib, 3,2 km uzunluğunda istinad divarları və 9 yerdə yeraltı keçid inşa edilib.

İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin