Ölkəmizdə yol kənarlarının sarı zolaqla rənglənməsi prosesi davam etdirilir. İndi “Zəfər yolu”nun Füzuli rayonu ərazisindən keçən hissəsində də oxşar təcrübədən istifadə olunub.
Sözügedən məsələ bir neçə ildir ki, geniş müzakirə və mübahisə mövzusuna çevrilsə də hər şey eyni qaydada davam edir.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) mətbuata verilən açıqlamalarda, zolaqların sarıya boyanmasıının estetik məqsədlə edildiyi bildirilmişdi.
Lakin hal-hazırda vəziyyət bir qədər fərqlidir. Belə ki, yenidənqurma işlərinin böyük sürətlə getdiyi Qarabağ ərazisində bir çox xarici şirkətlərin də fəaliyyət göstərməsini, eyni zamanda bölgənin yüksək turizm potensialını nəzərə aldıqda, regiona digər ölkə vətəndaşlarının böyük axımının baş verəcəyini asanlıqla söyləmək olar. Bundan əlavə, dünyanın əksər ölkələrində, habelə Avropada yol kənarlarının ağ zolaqla rənglənməsi məqsədəuyğun hesab olunur.
MÖVZU İLƏ BAĞLI:
Rus maşınları BAHALAŞDI - Avtomobil bazarında ŞOK
Ümumilikdə isə, yol hərəkəti qaydalarının beynəlxalq təcrübəyə əsaslandığını nəzərə alsaq, xarici vətəndaşların fərqli situasiya ilə qarşı-qarşıya qalacaqlarını təsəvvür etmək heç də çətin deyil.
Məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. Qurum rəsmisi Bizim.Media-ya verdiyi açıqlamada sözügedən məsələnin ciddi problemlərə səbəb olmayacağını qeyd edib:
“Hər hansı bir şəxs xaricə gedərək, orada avtomobil idarə etdikdə, onun fərqli ölkədə sürücülük vəsiqəsi alması ona mane olurmu? Çünki, müəyyən nişanlar və xətlənmələr ölkələrə görə fərqlilik göstərə bilər. Sürücü üçün əsas yol nişanları, yol göstərici xətlər nəzərə alınmalıdır və avtomobil idarə edən şəxslər buna uyğun hərəkət etməlidir. Yəni, yol kənarlarında sarı və ya başqa rənglərdən istifadə olunmasının heç bir əhəmiyyəti yoxdur”.
Avtomobil eksperti Elməddin Muradlı isə Bizim.Media-ya verdiyi açıqlamasında sarı zolağın müvafiq nişan olmadan əhəmiyyətsiz olduğunu qeyd edib:
“Bir çox insan sarı zolağın olduğu yerlərdə dayanma və durmanın qadağan olduğunu düşünür. Amma bu belə deyil.
Yol hərəkəti haqqında qanunda da bu müddəa öz əksini tapıb. Hazırda ölkəmizdə qüvvədə olan qaydalara görə, 1.4 sarı rəngli bütöv nişanlanma xətti yalnız 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma və durmanı qadağan edir. Başqa sözlə, 3.27 nişanı yoxdursa, 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin heç bir mənası yoxdur. Yəni faktiki olaraq hazırda 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin faktiki olaraq heç bir əhəmiyyəti yoxdur və həmin nöqtələrdə avtomobili saxlamaq olar”.
Ekspert eyni zamanda, dünya təcrübəsinin nəzərə alınmasının önəmini də vurğulayıb:
“Eyni zamanda dünya təcrübəsinin də nəzərə alınması vacibdir. Bununla yanaşı yol hərəkəti haqqında qanunda da göstərilib ki, Azərbaycanın yerli qanunvericiliyi və beynəlxalq normalar arasında ziddiyyət yaranarsa, beynəlxalq qaydalar üstün tutulmalıdır. Boyanın nə rəngdə olmasından daha çox, onun keyfiyyəti, yəni qalıcılığı və işıqqaytarıcı olması daha vacibdir”.
Qeyd edək ki, 2010-cu ilə qədər dünyada keçərli olan bu qayda Azərbaycan yolları üçün də keçərli idi.
Buna baxmayaraq, 22 iyun 2010-cu ildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildi və 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin az qala bütün dünyada qəbul edilmiş mənası dəyişdirildi.
Murad Əhmədov, Bizim.Media