Azərbaycan ilə Ukrayna arasında münasibətlərin strateji olması, bu əməkdaşlığın dost, səmimiyyət üzərində qurulması rəsmi Kiyevin qəbul etdiyi daha bir sənəddə öz əksini tapıb.
Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin imzası ilə avqustun 27-də qüvvəyə minən “Ukraynanın xarici siyasət strategiyası haqqında” sənəddə Azərbaycan ilə əməkdaşlığın vacibliyi qeyd olunub.
Vurğulanıb ki, Ukraynanın Azərbaycan ilə strateji tərəfdaşlığı regionda sülhün və sabitliyin qarantıdır.
Ukrayna enerji sahəsində Azərbaycanla əlaqələrin daha da dərinləşməsində, ölkəsinin sahibkarlarının Azərbaycanda iri layihələr həyata keçirməsində maraqlıdır. Sənəddə, həmçinin qeyd olunub ki, Ukrayna Azərbaycan ərazisindəki uzunmüddətli münaqişələrin beynəlxalq hüququn prinsipləri, ilk növbədə ərazi bütövlüyü və suverenliyə hörmət əsasında həlli üçün beynəlxalq səylərə fəal dəstək verəcək.
Onu da vurğulayaq ki, bu, Ukrayna xarici siyasət ilə bağlı sistemli bir strateji sənəd kimi qəbul edilib.
Strategiya əhatəlidir, Ukraynanın xarici siyasətinin istiqamətlərini, parametrlərini və prioritetlərini ətraflı şəkildə müəyyən edən 254 bənddən ibarətdir. Sənədin ümumilikdə 8 bəndində Azərbaycan, qardaş Türkiyə və GUAM haqqında fikirlər yer alıb. Sənəddə Ermənistanla bağlı heç bir bənd yer almayıb.
Bizim.Media