Rəsmi rəqəmlərdə Bakıda əhalinin sayı 2,3 milyon nəfər kimi göstərilsə də, qeyri rəsmi iddialara görə, Bakı sakinlərinin sayı 5 milyon nəfərə yaxındır.
2020-ci ilin əvvəlinə olan rəsmi göstəricilərə görə, şəhərdə hər kvadrat kilometrə 1071 nəfər düşür. Əhali sayının rəsmi göstəricilərdən iki dəfədən də artıq olduğunu nəzərə alsaq, onda hər kvadratkilometrə düşən əhali sayı da azı iki dəfə artmış olur.
90-cı illərdən başlayan və indi də davam edən urbanizaya prosesi paytaxtda yol infrastrukturuna, bəzi məhsulların bahalığına, çatışmazlığa şərait yaradır.
Bəs, Bakıda mənzillərin, fərdi evlərin sayı əhali sayına mütənasibdirmi?
MÖVZU İLƏ BAĞLI:
Bu il Azərbaycanda neçə əkiz, neçə üçəm doğulub? – SAYI BƏLLİ OLDU
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimli Bizim.Media-ya açıqlamasında bildirib ki, Bakıda hazırda mənzil sayı ilə əhali sayı arasında mütənasiblik yaranıb:
“Əgər alqı-satqı və kirayə sayı intensiv artırsa, o zaman demək olar ki, şəhərdə mənzil sayı əhalinin sayına mütənasib deyil. Azalan zaman isə uyğunsuzluğun olmadığı üzə çıxır. Hazırkı vəziyyətdə balanslaşdırılmış bazarın mövcud olmasına əsasən artıq mütənasibliyin yarandığını demək olar”.
Ekspertin sözlərinə görə əhalinin sayının artımı mənizl və evlərin bahalaşmasına şərait yaradır:
“Amma bundan başqa qiymətə təsir edən digər faktorlar da var – Əhalinin alıcılıq qabiliyyəti, kreditlərin əlçatanlığı, ölkə iqtisadiyyatının inkişaf tempi, məşğulluq və s.”.
Onu da qeyd edək ki, kənd əhalisinin şəhərlərə axışması tendensiyasının fəsadları yalnız Bakı üçün deyil, dünyanın bir sıra böyük şəhərləri üçün xarakterikdir.
Ekspertlər hesab edir ki, regionların iqtisadi inkişafı, bölgələrdə iş yerlərinin artımı bu prosesin qarşısını ala bilər.
Xatirə Nəsirli, Bizim.Media