Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev barəsində cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Bizim.Media-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə 30 avqustda baş tutacaq proses təxirə düşüb.
Xatırladaq ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
MÖVZU İLƏ BAĞLI:
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri həbs edildi
Cinayət işi üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura İdarəsi zərərçəkmiş qismində tanınıb.
İttihama görə Rasim Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi, dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verilib.
Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb.
Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb.
Qeyd edək ki, Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.
Bizim.Media