Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyevin çıxışı zamanı həm İrəvana, həm də erməni havadarlarına bəzi mesajlar ünvanlanıb.
Bizim.Media ölkə başçısının çıxışndakı bəzi siyasi eyhamlara aydınlıq gətirmək üçün millət vəkili Elşad Mirbəşiroğlu ilə əlaqə saxladı.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: “Müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”
Deputatın sözlərinə görə, Prezident ilk növbədə xalqımıza qarşı törədilən tarixi ədalətsizlikllərdən danışdı:
“Ölkə başçısı qeyd etdi ki, ötən əsrin 20-ci illərində xalqımız müxtəlif zərbələrə məruz qalıb. Birinci zərbə ondan ibarət oldu ki, Azərbaycanın tarixi torpaqları, Zəngəzur ərazisi Ermənistana verildi. 1923-cü ildə isə heç bir əsas olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bir müddət keçdikdən sonra Ermənistana verilmiş tarixi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası həyata keçirildi. Ölkə başçısı həmçinin 2021-ci ilin 7 iyul tarixinin əlamətdar gün olduğunu vurğuladı. Çünki 1923-cü il 7 iyul tarixində Dağlıq Qarabağ Muxtar Vilayəti heç bir əsası olmadan yaradılmışdısa, 2021-ci il iyulun ayının 7-də Azərbaycan Prezidentinin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonları yaradıldı. Bu rayonların yaradılması dünyaya bir mesajdır.
Yəni, bir ərazinin şərq hissəsi haqqında danışılırsa, deməli onun qərb hissəsi də var. Şərqi Zəngəzurdan danışılırsa, Qərbi Zəngəzur da mövcuddur. Bu isə o deməkdir, bütün Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır”.
Deputat xatırlatdı ki, Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edərkən də bilirdi ki, 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib.
Bütün bunlar isə Dağlıq Qarabağın status məsələsinin qaldırılmasının əsassız olduğunu növbəti dəfə sərgiləyir. Sərhədləri olmayan bir coğrafi ərazinin statusundan danışmaq olmaz:
“İkincisi, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi işğalçıların əsas məqsədi olub. Sadəcə olaraq, sonradan Ermənistan özünün işğalçılıq siyasətini malalamaq üçün qondarma rejimin statusundan da danışmağa başladı. 1989-cu ildə Ermənistan parlamenti Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edib. Yəni, Ermənistanın dünyada işğalçı kimi tanınması üçün bu kifayətdir”.
Bizim.Media