Avstraliyada vaksin olunanlara kriptovalyuta ödənəcək. Başqa ölkəklərdə də pul verilirdi. ABŞ-da 100 dollar və s. Bəs Azərbaycanda cərimə mexanizmi, sosial təcridlər pul mükafatı ilə əvəzlənə bilərmi?
“Bəzi ölkələrdə peyvəndləməni aparmaq üçün belə üsullardan istifadə olunur və onlara müəyyən güzəştlər edilir. Azərbaycanda bunu etmək üçün çoxşaxəli səhiyyə sistemi var. Daha doğrusu, həm səhiyyə nazirliyi var, həm TƏBİB var, həm də Tibbi sığorta mövcuddur”.
Mövzu ilə bağlı bu sözləri Bizim.Media-ya açıqlayan eks deputat Cümşüd Nuriyev bildirdi ki, səhiyyə işinin yaxşı təşkili üçün konkretləşmək lazımdır.
Yəni, TƏBİB ilə Səhiyyə Nazirliyi bir-birini qəti qəbul eləmirlər:
“Peyvəndlənmə aparan xəstəxanaların bəziləri Səhiyyə Nazirliyinə tabedir, amma vaksinasiyanı TƏBİB aparır. Bu nə dərəcədə düzdür? Nazirlər Kabineti yanında Operativ Qərargah bir qərar qəbul eləməlidir. Qarabağa qayıdışla bağlı Azərbaycanın büdcəsində elə vəsait yoxdur ki, bu qədər əhalinin mükafatlanma sistemi olsun. Amma başqa bir sistemə keçə bilərlər. Tibbi sığortaya artıq neçə aydır ki, pul yığılır, amma hələ də Azərbaycanda kimsəni tibbi sığortadan yararlanmağa qoymurlar.
Adicə şəkəri müəyyən etmək üçün mən tibbi sığortadan yararlana bilmirəm. Bu xəstəxananın da günahı deyil. Bu sistemi normal formaya salmaq, çoxhakimiyyətliliyə son qoymaq lazımdır.
Bəyan etmək lazımdır ki, peyvəndləmədə kimlər iştirak edirsə, tibbi sığorta ilk növbədə onlara şamil olunacaq. Bunun özü də bir yanaşmadır. Adətən yaşlı adamlarda xəstəlik buket şəklində, çoxsaylı xəstəliklər olur. Onların 90 faizinin isə maliyyə imkanları yoxdur ki, gedib xaricdə “check-up” olunsun, tam diaqnoz qoyulsun. Azərbaycanda da bu sistem yoxdur, özəl xəstəxanalar ancaq müştəri yığırlar. Yalandan ayrı-ayrı firmalarla danışıb onlara müştəri verir, bahalı dərmanlar yazırlar. Dövlət xəstəxanalarında da maaş aşağı olduğuna, tabeçiliyin müxtəlifliyinə görə qarışıqlıq yaranıb.
MÖVZU İLƏ BAĞLI:
Koronavirus sonsuzluğa səbəb olur? – Alimlərdən YENİ İDDİA
Buna çəki-düzən versələr və belə bir təklifi gündəmə gətirsələr, peyvənd olunmayan qalmayacaq.
TƏBİB-in elan etdiyi peyvəndləmə sayı varsa, niyə bu qədər xəstələnmə var? Bir tərəfdən elan edir ki, 97 faiz xəstəliyə tutulmur, amma digər tərəfdən yoluxma sayının artması ilə elan etdikləri vaksinasiya düz gəlmir. Burada bir “pripiska” (təhrif, faiz artırılması) var.
Pripiska olan yerdə də dövlətə inam azalır. TƏBİB ilə Səhiyyə Nazirliyi mehriban düşməndirlər. Nə vaxta qədər bu cür davam edəcəksə, Azərbaycanda bu problem ortadan qalxmayacaq.
Xalq üçün ən böyük mükafat o olar ki, nə 100 dollar versinlər, nə kriptovalyuta versinlər. Ondansa Azərbaycanın səhiyyə sisteminə bir çəki-düzən versinlər. Üçhakimiyyətliliyə son qoysunlar və bir dənə struktur mövcud olsun”.
Anar Rəhimov, Bizim.Media