Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Bizim.Media xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XVI olacaq.
Tokio paralimpiadası mövcud vəziyyətlə əlaqədar ilk dəfə azarkeşsiz keçiriləcək.
Yarışda 22 idman növü üzrə ümumilikdə 4 bin 400 idmançı mübarizə aparacaq. Paralimpiada bu gün keçiriləcək qolbol, üzgüçülük, stolüstü tennis, qılıncoynatma, basketbol, velosiped və reqbi yarışları start götürəcək.
Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazansalar da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Bu səbəbdən komandanın bayraqdarı da dəyişdirilib.
Qasımovla yaxın təmasda olduğu üçün karantinə alınan digər paracüdoçu İlham Zəkiyevi para-atlet Oloxan Musayev əvəzləyib.
Beləliklə, ölkəni Oyunlarda 35 idmançı təmsil edəcək. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
Yarışda Azərbaycan təmsilçiləri arasında ən tez (26 avqust) pauerliftinqçi Pərvin Məmmədov (49 kq) mübarizəyə başlayacaq.
Para-üzgüçü Roman Saley dörd növdə, güllə atıcısı Yelena Taranova isə üç növdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.
Bizim.Media