Nigar Axundova tanınmış rusiyalı jurnalistə məktub yazdı

Hazırda oxunan: Nigar Axundova tanınmış rusiyalı jurnalistə məktub yazdı

3384

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova "Yeni ədəbi müşahidə" jurnalının baş redaktoru İrina Proxorovaya açıq məktub yazıb.

Məktubda qeyd olunur ki, "Exo Moskva"ya verdiyiniz müsahibəni eşitdikdən sonra çox qəribə hisslər yaşadım. Bir tərəfdən mən Sizin Qarabağ müharibəsi ilə bağlı səmimiyyətinizdən, Azərbaycan və Ermənistan tərəflərinə başsağlığı verdiyinizdən şübhə etmirəm.

Digər tərəfdən isə, təcavüzkarların yaydıqları yalan informasiyalar hətta sizin kimi müstəqil düşünən insanlara da təsir göstərir.

“Biz anlaya bilmirik ki, Rusiya və sizin üçün Dağlıq Qarabağın və işğal olunmuş 7 rayonun Azərbaycana mənsubiyyəti haqqında açıq-aşkar həqiqətlər rus mediasında nədən daim şübhə və təftişlərə məruz qalır? -deyə sual verən məktub müəllifi – “niyə 30 il əvvəl bütün dünya Ermənistandan, sonra Dağlıq Qarabağdan, sonra isə onun ətrafındakı 7 rayonumuzdan yerli əhalinin ən amansız və məqsədyönlü şəkildə qovulduğunu və etnik təmizlənməyə məruz qaldığını səssizcə izləyirdi?” yazıb, cavab almağa çalışır.

Nigar Axundova məktubunda onu da diqqətə çatdırır ki, 90-cı illərin əvvəllərində bir neçə ay ərzində bir milyona yaxın insan qaçqın və məcburi köçkün oldu.

Yəni Azərbaycanın hər səkkizinci sakini o dövr üçün qaçqın idi.

“Sizi video və foto sənədləri ilə yormayacağam, istəsəniz asanlıqla internetdə tapa bilərsiniz” yazan müəllif, bir filmi izləməyi məsləhət görür. O, məktubunda litvalı rejissor Andryus Brokasın "Sonsuz dəhliz" sənədlifilmini qeyd edir və bu filmi dəfələrlə internetdən tamamilə silmək istəsələr də, bacarmadıqlarını qeyd edir.

Məktubda vurğulanır ki, işğal olunmuş Azərbaycan ərazilərini tərk edən erməniləri izləyərkən dünya mərhəmətlə dolu olur: “Soruşmaq istəyirəm ki, 27 il əvvəl hamınız empatiyanızla və ədalətə olan inamınızla harada idiniz? Niyə hər kəsin gözü qarşısında baş verənləri görmədiniz? Bəlkə dünya o zaman Azərbaycan əhalisinə qarşı bir az daha çox anlayış və rəğbət göstərsəydi, bu illər ərzində bu qədər çətinlik baş verməzdi. İndi isə azərbaycanlıların evində yaşayan ermənilər oradan çıxarkən evlərə od vurur, meşələri yandırır, ağacları və heyvanların başını kəsirlər. Bütün bunlar həm də ekoloji fəlakət deməkdir”. 

Azad edilmiş torpaqlarda dağıntıların miqyasına diqqət çəkən məktub müəllifi bunu dəhşət adlandırır.

“Yaşayış binaları, məktəblər, xəstəxanalar, inzibati binalar, muzeylər, mədəni irs abidələri, hətta qəbiristanlıqlar tamamilə məhv və talan edilib. Işğal olunmuş ərazilərdə qalan 67 məsciddən 63 dağıdılmış, bu məscidlərin dağıntıları arasında donuzlar saxlanılmışdır”, deyə müəllif qeyd edir.

Nigar Axundova bu barbar dağıntıları fonunda "ARXNADZOR" dan olan rus memarları Rusiya Prezidentinə müraciət edərək, Dağlıq Qarabağ ərazisində yerləşən xristian abidələrinin qorunub saxlanılmasının və təhqir edilməsinin qarşısının alınmasını xahiş etmələrindən yazıb və əlavə edib ki, Rusiyanın bir qrup görkəmli mədəniyyət xadimləri YUNESKO-ya oxşar istəklə petisiya tərtib edirlər.

Üstəlik də, ildırım sürəti ilə cavabı alıblar. Yəqin ki, ARXNADZOR heç vaxt belə ani cavab reaksiyası almayıb.

Yenə də sual yaranır. Hörmətli mədəniyyət xadimləri, Rusiya Prezidentinə və ya YUNESKO-ya müraciət etməzdən əvvəl Azərbaycanın tarixi ilə tanış olmağa cəhd göstərmədiniz?

Onun ərazisində neçə xristian abidəsi olduğunu, necə bərpa edildiyini və dövlət tərəfindən mühafizə olunduğunu soruşmusunuz? Neçə konfessiyaya öz xidmətlərini göstərdiyini bilirsiniz?

“Təəssüf ki Azərbaycanla bağlı faktlar hörmətli memarlarımızın və mədəniyyət xadimlərimizin diqqətindən kənarda qalıb” yazan müəllif sonda İrina Proxorovanı Bakıya və anasının vətəni Şuşaya dəvət edəcəyini bildirib.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin