Vətən müharibəsində şəhid olan 49 hərbçinin ailəsi ilə avqustun 16-dan başlayaraq Quba rayon icra hakimiyyətində növbəlilik əsasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, pandemiya qaydalarına uyğun olaraq hər dəfə 10 ailə icra başçısı Ziyəddin Əliyev tərəfindən qəbul edilib.
Qəbulda rayonun aidiyyatı idarə və müəssisələrinin rəhbərləri də iştirak edib.
Şəhid ailələri qəbul zamanı müxtəlif məsələlərin həllində - qaz çəkilişi, məşğulluq, şəhidlərin adının əbədiləşdirilməsi, bank xidməti və s. məsələlərlə bağlı kömək istəyiblər.
Qaldırılan bütün məsələlər qeydiyyata alınıb, bəzi məsələlər yerindəcə həll edilib, bəzilərinin həlli üçün isə adiyyatı qurum rəsmilərinə tapşırıqlar verilib.
Qəbulların sonunda icra başçısı Ziyəddin Əliyev hər bir şəhid ailəsinə bildirib ki, "qələbəni bizə yaşadan övladlarınızın xatirəsi Qubada da həmişə uca tutulacaq və ailələrini narahat edən məsələlər imkan daxilində həll ediləcək”.
Aytəkin Alxaslı, Bizim.Media