Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayır.
Bizim.Media xəbər verir ki, 1949-cu ildən keçirilən bu nüfuzlu turnir ardıcıl ikinci dəfə 24 komandanın iştirakı ilə təşkil olunub.
2019-cu ildə olduğu kimi çempionat yenə 4 ölkənin meydanlarında baş tutacaq. Bu dəfə turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edir.
Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada baş tutacaq. Komandamız qrupda ilk oyununu Belçika yığmasına qarşı keçirəcək. Belqraddakı "Stark Arena"da keçiriləcək görüş yunanıstanlı hakim Aleksandros Milonakisə həvalə olunub. Ona macarıstanlı Aqnes Batkai-Katona kömək edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Yığmamız avqustun 21-də Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.
Komandamızın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Bizim.Media